
Sumqayıtda "Yay Futbol Düşərgəsi" FOTOLAR
- 09 İyl 2022 13:15
- 759
Rekord.az xəbər verir ki, "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi, "Sumqayıt Futbol Klubu"nun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün keçirilən "Yay Futbol Düşərgəsi" layihəsinin birinci mərhələsi baş tutub.
İlk qrupun son günündə bütün iştirakçılar mükafatlandırılıb.
"Kapital Bank Arena"nın konfrans zalında baş tutan mərasimdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, Müşahidə Şurasının üzvləri - sədr Abdulla Məmmədov, Telman Salahov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz, “Kapital Bank” və “Paşa Həyat Sığorta” ASC-nin nümayəndələri iştirak edib.
Layihənin birinci mərhələsinin yekunu ilə əlaqədar olaraq, ilk qrupunun iştirakçıları tərəfindən müxtəlif kompozisiyalar tədbir iştirakçılarına nümayiş etdirilib. Tədbir zamanı bütün iştirakçılara "Sumqayıt"ın idman geyimləri, sponsorların ayırdığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib.
Ümumilikdə, 48 məktəbdən 120-ə yaxın məktəblinin qatılacağı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu ilə keçirilir və bu müddət ərzində 1000-dən çox məktəbli bu tədbirin iştirakçısı olub.