Yəqin ki, "Kapital Bank Arena"nın qarşısında yaranan dünənki mənzərəni əksəriyyət görüb. Acınacaqlı mənzərədir. Söhbət "Qarabağ"la oyunda öz komandasını dəstəkləmək üçün stadiona gələn xeyli sumqayıtlı fanatın qapı arxasında qalması olub. Çünki polis onları içəri buraxmayıb. Çox təzadlı məqamdı. Paytaxt Bakıda stadionlar boş qalıb, Sumqayıtda isə tribunalar dolu olduğu üçün azarkeşlər stadiona buraxılmır. Sözsüz ki, burada əsas problem stadionun tutumu məsələsidir. "Kapital Bank Arena" əslində təlim-məşq bazası üçün nəzərdə tutulub cəmi 1300 nəfərlik tutumu var. Yarım milyonluq şəhər üçün əlbəttə çox azdır. Ona görə bu qədər insan hasar arxasında qalır. Özü də ilk dəfə deyil ki, sumqayıtlı azarkeşlər bu formada qapı arxasında qalır.

 

Dünən sosial şəbəkədə bununla bağlı xeyli narazı şəxsin şərhlərini oxudum. Qeyd edirlər ki, stadionda boş yerlər var idi, amma polis buraxmadı. Polisi də qınamaq olmaz yəqin onlara da belə təlimat gəlib. Ola bilsin, o boş qalan yerlər qonaq komanda üçün nəzərdə tutulan sektorda olub. Çünki hər komanda əsasnaməyə görə qonaq komandaya stadionun tutumunun 5 faizi qədər yer ayırmalıdır. "Kapital Bank Arena"nın tutumunun 1300 nəfər olduğunu, 1300-ün 5 faizinin isə 65 olduğunu nəzərə alsaq "Sumqayıt" rəhbərliyi öz ev oyunlarında qonaq komandaya maksimum 65 nəfərlik azarkeş üçün yer verməlidir. Lakin "Sumqayıt" bir qayda olaraq ən son sektoru qonaq azarkeşlər üçün ayırır və polislərə də tapşırılır ki, sumqayıtlı fanatlar ora buraxılmasın. Fərqi yoxdur, qonaqları dəstəkləmək üçün 65 azarkeş gəldi, yoxsa 5 azarkeş. Boş qalsa da qonaq sektor olduğu üçün sumqayıtlılar ora buraxılmır. Bax əsl məqam da burdadır.

 

Əsasnaməyə görə, "Sumqayıt" rəhbərliyi qonaq azarkeşlərə 65 nəfərlik yer verməli olduğu halda, 120-130 nəfərlik bütün bir sektoru niyə onlar üçün ayırır? Axı onlar bununla öz azarkeşlərinin haqqına girirlər. Qonaqlar üçün verilən əlavə 60-70 nəfərlik yerə elə "Sumqayıt"ın öz azarkeşləri buraxıla bilər axı. Yoxsa "Sumqayıt" rəhbərliy eyni sektorda iki klubun azarkeşlərini təhlükəsizlik baxımından yanaşı qoymaq istəmir? Ola bilər. Amma fakt faktlığında qalır ki, bütöv bir sektoru qonaq azarkeşlərə verən "Sumqayıt" rəhbərliyi qapı arxasında qalan öz azarkeşlərinin haqqına girir.

 

Anar XANLAROV