"Sumqayıt" Akademiyasının üzvləri “Azərikimya” İB-də ekskursiyada olublar
- 19:11
- 39
“Sumqayıt” Futbol Akademiyasının U-14, U-15 oğlanlar və U-16 qızlar komandaları üçün klubun baş sponsoru olan “Azərikimya” İstehsalat Birliyinə (İB) maarifləndirici ekskursiya təşkil edilib. "Rekord.az" xəbər verir ki, səfər çərçivəsində “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli gənc futbolçularla görüşərək, onlara gələcək karyeraları və şəxsi inkişafları ilə bağlı tövsiyələrini verib.
Görüşün ardından iştirakçılar müəssisənin inzibati binası ilə tanış olub, daha sonra Etilen-Polietilen zavoduna yollanıblar. Burada gənc futbolçulara istehsalat prosesləri və müasir qurğuların iş prinsipi barədə ətraflı məlumat verilib.
Tədbirin əsas məqsədi gənclərin dünyagörüşünü artırmaq, onları real iş mühiti ilə tanış etmək və gələcək ixtisas seçimlərində onlara dəstək olmaqdır.
Sonda ekskursiyanın yüksək səviyyədə təşkilinə görə “Sumqayıt” FK-nın vitse-prezidenti Aydın Xəlilova, akademiya meneceri Zərifə Bayramovaya və “Azərikimya” İB-nin İstehsalat üzrə böyük mütəxəssisi Rəhim Əkbərova minnətdarlıq ifadə olunub.