Stern Con: "Azərbaycan milisində Çempionlar Liqasında oynamış futbolçular var"
- 22:20
- 83
Sabah Azərbaycan millisi ilə üz-üzə gələcək Sent Lusiya millusinin baş məşqçisi Stern Con bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda mətbuat konfransı keçirib. Rekord.az xəbər verir ki, trinidad və tobaqolu mütəxəssis öncə oyun öncəsi fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
-Çox uzun yol gəlmişik, amma maraqlı səfər oldu. Yaxşı və rəqabətli oyun gözləyirik. Əksər futbolçularımız üçün ilk beynəlxalq səviyyəli oyun olacaq. Yaxşı hazırlaşmışıq, meydançaya da qələbə üçün çıxacayıq.
- Ölkəmiz haqda təəssüratınız necədi?
- Çox yaxşı. İlk andan isti, qonaqpərvər münasibət gördük. Ölkəniz də çox gözəldi. Buranın Dubaya bənzədiyini bizə demişdilər, həqiqətən elədir.
- Azərbaycan millisi haqda hansı məlumatınız var?
- Yaxşı komandadır, müəyyən məlumatımız var. Bilirik ki, Azərbaycan millisində Çempionlar Liqasında oynamış futbolçular var.
- Bilirik ki, siz özümüz Trinidad və Tobaqodansınız. Azərbaycan millisi 2005-ci ildə bu ölkədə bu milli ilə yoldaşlıq görüşü keçirib. Həmin oyunu necə xatırlayırsınız?
- (gülür). Bəli, belə bir oyun olmuşdu. O vaxt sizinkilər bizim ölkəyə gəlmişdilər. Maraqlı oyun olmuşdu. İlk dəfə sizin ölkə haqqında o zaman eşitmişdik. Lakin aradan xeyli müddət keçib və bu müddətdə sizin ölkəniz çox inkişaf edib.
- Bilirik ki, vaxtı ilə ABŞ-ın "Kolambud Kryu" klubunda çıxış etmisiniz və orada uğurlu karyeranız olub. Bu yaxınlarda bizim futbolçulardan Nəriman Axundzadə də həmin kluba transfer olunub. Özünü yaxşı tərəfdən göstərməsi, uğur qazanması üçün ona nə məsləhət görərdiniz?
- Çox yaxşı klubdu. Gözəl azarkeşləri, gözəl stadionları var. Futbol oynamaq, inkişaf etmək üçün bütün şəraitə malikdi. Sadəcə işinə peşəkar yanaşmalı, bütün fikirini futbola yönəltməlisən. Sizin futbolçunun bu kluba keçidindən də xəbərim var, deyim ki, Nəriman bu klub üçün vacib futbolçudur.
- Sabahkı oyunda qələbəyə nə qədər sevinəcək, məğlubiyyətə nə qədər üzüləcəksiniz?
- Təbii ki, qələbə qazanmaq istəyirik. Bura məğlub olmaq üçün gəlməmişik.
- Azərbaycanda sizin zonadan olan futbolçular çıxış ediblər. "Neftçi"də San Martindən Kilian Lebon, "Kəpəz"də Trinidad və Tobaqodan Şadon Vinçester və Comal Ulyams çıxış ediblər. Ola bilər ki, sabah sizin millinin də hansısa futbolçusu özünü yaxşı tərəfdən göstərdi və Azərbaycan klublarının diqqətini cəlb etdi. Münasibətiniz necə olar?
- Biz hələ dünən bu haqda öz aramızda söhbət etmişik və mən onda da futbolçularıma dedim ki, sizi burda bəyənə bilərlər. Əgər belə bir hal baş versə, mən buna müsbət yanaşacam.