"Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda "Şamaxı"nın qonağı olub.


Rekord.az xəbər verir ki, oyundan sonra "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 


Qurbanov 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:


"Ayxana təşəkkür etmək istəyirəm ki, belə bir komanda formalaşdırıb. Çox yaxşı mübarizə aparırdılar və bizim üçün xeyli təhlükə yaratdılar. Və öz oyunçularımı təbrik edirəm. Sona qədər oynadılar. Ümumən hər iki komanda yaxşı çıxış etdi və mövsümü major notlarla bitirdilər.


Bir neçə gün Barselonada oldum. Demək olar ki, bütün yaş qruplarının məşqlərində oldum. Bir neçə klub rəsmisi, o cümlədən Hansi Fliklə görüşdüm. Çox ciddi klubdur. Dəyişikıiyə qalsa, bəli ilk getdiyim vaxtla nisbətdə ulduzlar daha üstünlük təşkil edir. Ümumən, mənim üçün ora getmək çox vacibdir. Bir daha əmin oldum ki, sistemi qoruyub saxlamaq çox vacibdir. O demək deyil ki, komandada ulduz oyunçu olmalıdı və elə biri gəldi, vəssalam. Xeyr, belə bir şey yoxdur. Maraqlı bir səfər alındı. Hər birinə təşəkkür edirəm, mənim üçün faydalı oldu.


"Qarabağ"ın "Barselona" ilə əməkdaşlığı barədə söhbətimiz olmadı. Bizim hələ elə bir şəraitimiz yoxdur. Mən onların akademiyalarını gəzib qurtara bilmirdim. Böyük bir klubdur. Amma hər bir halda bizim onlarla münasibətlərimiz yaxşı səviyyədədir. Onların Bakıda akademiya açmaları hər bir halda faydalı olacaq.


Ölkə kubokuna mütləq şəklidə ciddi yanaşmışıq, əgər belə olmasaydı, finala qədər gəlib çıxmazdıq. Amma qarşımızda çox ciddi, istəkli bir komanda var. Dediyim kimi, ciddi hazırlaşırıq və necə olacaq, görəcəyik.


Benzya ilə bağlı öz tərəfimizdən mövqeyimizi bildirmişik. Qalıb onların tərəfi. Benzyadan başqa digər oyunçularla da aktiv danışıqlarımız var. O, ki qaldı gedəcək futbolçulara, ola bilər. Amma hazırda finala hazırlaşırıq. Byndan sonra bəzi qərarları verəcəyik. Gedənlər ola bilər, amma gələnlər də vacibdir, hansı ki, istədiyimiz oyunçuları, istədiyimiz sayda gətirə bilək. 


Mənim üçün heç bir fərqi yoxdur, istər legioner, istərsə də yerli olsun. Mənim üçün vacibdir ku, tələblərimi yerinə yetirsin".


"Qarabağ" 2024/25 mövsümünü 89 xalla turnir cədvəlinin 1-ci pilləsində başa vurub.