“Səbail” – “Sabah” oyununda dünya futbolunda nadir hadisə: hakim futbolçuları saymadan ikinci hissəyə başladı
- 11 May 2022 15:00
- 789
Premyer-liqanın 26-cı turunda “Sabah” “Səbail”i səfərdə 2:0 hesabı ilə məğlub etdi.
Rekord.az xəbər verir ki, bu matçda dünya futbolunda nadir hallarda rastlanan hadisə baş verdi. Belə ki, “bayquşlar”ın ilk qolunun müəllifi Boyan Letiç ikinci hissəyə təxminən 1 dəqiqə gecikdi. Nədənsə, bu məqam həm matçın baş hakimi Elçin Məsiyevin, həm də Letiçin komanda yoldaşlarının diqqətindən yayındı.
İkinci hissənin başladığını görən bosniyalı futbolçu təəccüblə meydana çıxmağa çalışsa da, yalnız oyun dayananda buna icazə verildi. Boyan isə ədalət təmsilçisinə nəsə deməklə kifayətləndi.
Görəsən, “Sabah”ın futbolçusu Məsiyevə nə deyib? Bunu öyrənmək üçün Boyan Letiçlə danışmağı lazım bildik. 29 yaşlı futbolçunun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Oyuna gecikdim. Çünki biləyim zədələnmişdi. Həkimlər həmin yeri bandajlayırdı. Referi futbolçuları saymadan oyunu başladıb. Hakimə bunu dedim”.