“Şamaxı” yeni mövsümdən etibarən heyətini legionerlər hesabına gücləndirəcək. Bölgə təmsilçisi Premyer Liqada qalsa, strategiyasını dəyişərək əcnəbilərə qucaq açacaq.

Rekord.az xəbər verir ki, əslində, “Şamaxı”nın hazırda yerli futbolçulara güvənməklə bağlı əlində bayraq etdiyi strategiya heç də könüllü seçilməyib. Klub yerli gənclərlə təcrübəli futbolçuların vəhdətindən ibarət komanda qurmağa məcbur olub. Büdcə yetərli olmadığından, daha ucuz başa gələn varianta üstünlük verilib.

Eyni büdcəyə malik olan, AFFA-dan ayrılan 3 milyon manatla dolanan digər bölgə təmsilçiləri – “Turan Tovuz” və “Kəpəz”dən fərqli olaraq, “Şamaxı”nın legioner gətirə bilməməsi qəribə görünə bilər. Elə müəmma da buradadı. Sən demə, AFFA vasitəsi ilə kluba ayrılan dövlət yardımının 1/3-i Şamaxıda başqa istiqamətə xərcləndiyindən, transferlər üçün pul qalmır.

Məsələ ondadı ki, “Keşlə” adlanarkən kluba rəhbərlik edən Zaur Axundovdan 1 milyon manata yaxın borc miras qalıb. Həmin vaxt qovulan, müqaviləsi birtərəfli pozulan xeyli əcnəbiyə ödənməli məbləğlər yığılıb qalıbmış və Axundov onları aldatmaqla məşğul imiş. Klub “Şamaxı”ya çevrilərkən varislikdən imtina etsəydi, Premyer Liqada oynaması qanunsuz olacaqdı. Ona görə yeni rəhbərlik “Keşlə”ni öhdəlikləri, borcları ilə birlikdə qəbul etdi.

İndi isə həmin borcları ödəmək lazımdı. Axundov klubdan göndərildiyi üçün borcları ödəməkdən imtina edir, yeni rəhbərlik isə problemləri hazırkı büdcəni həmin istiqamətə yönəltməklə çözür. Rayon rəhbərliyi müəyyən xərclərin (otel, qidalanma) qarşılanmasında yardım etməsəydi, “Şamaxı” hətta indiki vəziyyətdə də olmazdı. (futbolinfo.az)