Mehti Cənnətov: "Renatonun penaltini necə vurduğunu bilirdim" - MÜSAHİBƏ
- 11:00
- 35
"Səbail"in qapıçısı Mehti Cənnətov "Zirə" ilə kubok matçından sonra Rekord.az-a müsahibə verib:
- Komandanızın oyununu necə qiymətləndirirsiniz? Hesabda iki dəfə geridə olsanız da hər iki dəfə hesabı bərabərləşdirdiniz. Lakin penaltilər seriyasında məğlub oldunuz. Baxmayaraq ki iki zərbəni dəf edə bildiniz...
- Prinsipcə əvvəlcədən bəlli idi ki ikinci nömrə ilə oynayacağıq. Elə də oldu və biz buna hazır idik. Çünki "Zirə" həmişə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Komanda yoldaşlarımızın hesabı iki dəfə bərabərləşdirməsi komandamızın səviyyəsindən və xarakterindən xəbər verir. Təəssüf ki bu gün qələbə qazana bilmədik amma ümumilikdə oyunumuzu yüksək qiymətləndirirəm.
- Penaltilər seriyasında Renato zərbəyə yaxınlaşarkən Kənan Quliyev sizə tələsməməyi qışqırdı. Onun məsləhətini eşitdinizmi? Axı tələsmədiniz və zərbəni dəf etdiniz.
- Bəli onun dediyini eşitdim amma özüm də Renatonun penaltini necə vurduğunu bilirdim. Buna görə də hansı istiqamətə tullanacağımı əvvəlcədən seçdim.
- Təcrübənizi və Premyer Liqada keçirdiyiniz çoxsaylı oyunları nəzərə alsaq sizcə komandanızın oyunu Premyer Liqa səviyyəsinə uyğundur yoxsa hələ inkişaf etmək üçün imkanlar var?
- Əlbəttə həmişə inkişaf etmək üçün imkanlar var. Amma bugünkü oyunumuzun Premyer Liqa komandalarının səviyyəsinə uyğun olduğunu düşünürəm. Hələ üzərində işləməli olduğumuz məqamlar var. İnkişaf etməli və irəliləməliyik. Komandamız yenicə formalaşıb. İnanıram ki bundan sonra daha da yaxşı olacağıq və hər oyunda qələbə qazanmağa çalışacağıq.