"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Türkiyədəki toplanış haqda danışıb.

Rekord.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən Sadıqov komandasının hazırlığından və seleksiya işlərindən bəhs edib:

"Hər şey düşündüyümüz kimi gedir. Yeganə narahat edən məqam seleksiya ilə bağlıdır ki, axtarışında olduğumuz futbolçuları istədiyimiz vaxtda transfer edə bilmədik. Bu da aydın məsələdi. Çünki futbolda ən çətini məhz transfer məsələləridi. Tələsik qərar verib, səhv etmək istəmirik. Ona görə ki, bizi qarşıda təkcə Konfrans Liqası yox, həm də çempionatda uzun marafon gözləyir. Biz təkcə “Makkabi” yox, həm də çempionat haqda düşünürük.

Futbolçu tam ürəyimcə deyilsə, onu transfer etmək istəmirəm. Danışıq apardığımız futbolçular var. Ola bilsin ki, yaxın günlərdə onlardan hər hansı biri ilə transfer məsələsində razılığa gələk.

İstədiyimiz futbolçular olur, baş tutmur. Əvvəlki kimi çempionatı və ya maddi durumu bəhanə gətirirlər.

Fərqli səbəblərdən istədiyimiz futbolçuları gətirə bilməmişik. Danışıqlar indi də gedir. Ümid edirik ki, qarşıdakı günlərdə hər hansı irəliləyiş olar.

Hücum xəttinə bir futbolçu qoşulacaq. Əvvəlcədən adını açıqlamaq istəmirəm. Xoşlayıram ki, hər şey dəqiqləşsin, daha sonra bunu bildirək".