
“Rəqib elə komandadır ki, səhvləri bağışlamır” – “Neftçi”nin məşqçisi
- 06 May 2025 22:16
- 30
“Final görüşü olduğu üçün oyunun taleyi son saniyələrdə həll oldu”.
Rekord.az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis həlledici seriyanın üçüncü matçında qazandıqları qələbəni (79:76) şərh edib:
"Çətin keçən oyuna biz yaxşı başlamışdıq. Ribaundlara və müdafiəyə yaxşı nəzarət edirdik. İkinci hissədə səhvlərə yol verdik və "Sabah" hesab arasındakı fərqi azaltdi. Rəqib elə komandadır ki, səhvləri bağışlamır və cəzalandırır. Üçüncü hissədə müdafiədə və hücumda bəzi dəyişikliklər etdik. Bundan sonra oyunu daha yaxşı hiss etməyə başladıq. Final görüşü olduğu üçün oyunun taleyi son saniyələrdə həll oldu. Əvvəlki iki görüşdə son dəqiqələrdə məğlub olmuşduq. Ancaq bu gün qələbə qazanmağa özümüzdə güc tapdıq. Komandamla fəxr edirəm. Növbəti matça hazırlaşacağıq və yenə qələbə qazanmağı qarşımıza məqsəd qoyacağıq”.
Əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.