Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən sabiq üzvü Polina Rəhimova yenə möhtəşəm oyunu ilə yadda qalıb. 

Hücumçumuzun şərəfini qoruduğu "Kuzeyboru" 12-ci tur çərçivəsində "Vakıfbank" klubunu qəbul edib. Meydan sahibləri güclü rəqibinə güclü müqavimət göstərsələr də matçdan məğlub ayrılıb. Aksaray təmsilçisi 4 hissə davam edən görüşdə 1:3 (22:25, 17:25, 25:20, 21:25) hesabı ilə uduzub. 

"Kuzeyboru"nun xalsız qaldığı bu turda milli voleybolçumuz 26 dəfə fərqlənməklə komandasının birinci, qarşılaşmanın isə ikinci ən məhsuldar oyunçusu olub. Rəhimova bu xallardan 23-nü hücumda, 2-ni eyslə, 1-ni isə blokda qazanıb.