Türkiyədə qadın voleybolçular arasında ölkə kuboku uğrunda 1/4 final mərhələsi baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova da bu mərhələdə meydana çıxıb.

Hücumçumuzun formasını geyindiyi "Kuzeyboru" 1/4 finalda "THY" klubuna rəqib olub. Rəhimovanın komandası qarşılaşmaya pis başlayıb və 0:2 hesabı ilə geri düşüb. Lakin bundan sonra Polina və rəfiqələri təşəbbüsü ələ alıblar. Ümumi hesabı bərabərləşdirən "Kuzeyboru" matçın taleyini tay-brekə daşıyıb. Həlledici hissədə isə rəqib daha dəqiq oynayıb. 5 set davam edən görüşdə hücumçumuzun komandası 2:3 (13:25, 21:25, 25:23, 25:21, 10:15) hesabı ilə uduzaraq kubokun yarımfinalına adlaya bilməyib. 

"Kuzeyboru"nun kuboka 1/4 finalda vida etdiyi qarşılaşmada milli voleybolçumuz 24 xal qazanıb. Rəhimova rəqibi 20 dəfə hücumda, 3 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.