İspaniyanın “Jirona” klubu heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Real”ından braziliyalı yarımmüdafiəçisi Reynier Jezusu, “Leqanes”dən isə müdafiəçi Xavi Ernandesi icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçunun 2022/23 mövsümünün sonuna kimi icarədə çıxış edəcəyi diqqətə çatdırılıb.

“Flamenqo”nun yetirməsi olan Reynier Jezus “Real”a 2020-ci ildə 30 milyon avro qarşılığında transfer olunub. 20 yaşlı futbolçu hələ Madrid təmsilçisinin əsas komandasında debüt şansı qazanmayıb. Braziliyalı vinger son iki ili Almaniyanın “Borussiya” (Dortmund) klubunda icarədə keçirib. Brazuliyanın U-23 yığmasının üzvü Bundesliqa klubunda 39 oyuna 1 qolla yadda qalıb.

Xavi Ernandes Madrid “Real”ının yetirməsidir. İspaniyadan olan 24 yaşlı mərkəz müdafiəçisi 2020-ci ildə paytaxt klubundan ayrılaraq “Leqanes”ə keçmişdi. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 77 oyuna çıxıb. Xavi “Real”da olduğu dönəmdə “El Exido” və “Ovyedo”da icarədə də olub.