Azərbaycan Premyer Liqasında qış fasiləsi bitər-bitməz hakim səhvləri başını götürüb gedir. Hara gedir, sonu necə olacaq, onu bir Allah bilir. Əslində bu səhvlər qış fasiləsindən əvvəl də kifayət qədər idi. Lakin nəzərə alsaq ki, qışdan sonra çempionat həlledici dövrünə qədəm qoyacaq və bundan sonra hər oyun, hər qol, hər xal əksər komandalar üçün qızıla bərabər olacaq, o zaman hakimlərinin işinin birə beş artacağı, hər ciddi hakim səhvinin böyük hay-küyə, narazılığa səbəb olacağı da gün kimi aydın idi. Təsadüfi deyil ki, qış fasiləsindən sonra çempionatda cəmi bir tur, kubokda isə bir mərhələnin oyunları baş tutduğu halda, kifayət qədər ciddi, kobud hakim səhvlərini müşahidə etmişik. Önəmli deyil, səhvlər kimin xeyirinə, kimin əlehinə edilib. Əsas odur ki, edilib. Təbii, əsas diqqətlər məlum “Sabah” – “Neftçi” oyununa yönəldi. Amma bu oyundan başqa, digər oyunlarda da ciddi hakim səhvləri görmək mümkündür. Qırmızı vərəqə verilməli epizodda verilmir, qırmızı vərəqəlik olmayan epizodda qırmızı vərəqə verilir. Qırmızı vərəqəlik epizoda sarı vərəqə, sarı vərəqəlik epizoda qırmızı vərəqə göstərilir. Aşkar penalti epizodunda penalti verilmir, penalti ilə yaxından-uzaqdan əlaqəsi olmayan epizodda penalti verilir və s. Yəni bunlar faktdır, hakimlər komitəsi hakimlərin qiymətlərini gizlətməklə, yaxud səhvləri ört-basdır edərək onlara yüksək qiymət yazdırmaqla deyil. Bəs bu qədər ciddi hakim səhvlərinin səbəbi nədir?

 

Təbii ki, səhvlərin kökündə duran əsas səbəb hazırlıqdır. Heç kimə sirr deyil ki, hakimlər PFL prezidenti Ramin Musayevin kurasiyasında olanda vəziyyət tam başqa idi. Hər il hakimlər geniş tərkibdə ölkə xaricində təlim-məşq toplanışı keçirdi. Özü də ildə iki dəfə. Qış hazırlığı bir qayda olaraq Antalyada, yay hazırlığı isə ya Sloveniyada, ya da Bolqarıstanda olurdu. Lakin Musayevi bəyənməyənlər, onunla şəxsi prinsipi aparanlar kurasiya dəyişikliyinə nail oldu və bir neçə ildir ki, ədalət təmsilçilərinə kuratorluğu AFFA-nın icraçı vitse-prezident-baş katibi Elxan Məmmədov edir. Hakimlərin qara günləri elə ixtiyarlarının Məmmədovun əlinə keçməsindən sonra başlayıb. Musayevin dövründə sözün əsl mənasında gün görənlər, Antalya, Sloveniya, Bolqarıstanın 5 ulduzlu otellərində lüks toplanış keçən, Avropanın tanınan klublarının oyunlarını keçməklə böyük oyun təcrübəsi qazanan hakimlər indi bütün bunları yalnız yuxularında görə bilərlər. Realda gördükləri maksimum halda Mərdəkandakı “Dalğa Arena” və “Səbail” – “Keşlə” oyunlarıdır. Məmmədov hətta Mİngəçeviri belə, hakimlərə çox gördü. Təbii ki, Mərdəkanda 1 həftəlik nəzəri məşğələ keçməklə çempionata hazır olmaq mümkün deyil. Yaxşı hakim yetişdirmək və hazırlamaq üçün yüksək səviyyəli hazırlıq şərtdir. Mən bu məsələdə hakimlər komitəsinin sədri Ştuxliki qınamıram. Ştuxlik kimdir ki, yüksək maaşa Avstriyadan gəlib müqavilə ilə burda çalışan işçi. Əgər bizim öz futbol funksionerlərimiz, futbolumuzun başında duran idarəçilər bu məsələni vecinə almırsa, hansısa avstriyalının nə vecinə? Bununla bağlı sualları birbaşa AFFA rəhbərliyinə, Elxan Məmmədova vermək lazımdır. Soruşmaq lazımdır ki, niyə hakimlər ölkə xaricində toplanış keçmir? Pul yoxdur? Pul yoxdursa, De Byazinin, Obradoviçin, Velebit, Ştuxlikin burda nə işi var? Hər il UEFA-dan və FİFA-dan sırf hakimliyin inkişafı üçün gələn 150-200 min avroluq maliyyə yardımları hara gedir? Niyə hakimlərin əksəriyyəti illərdi köhnə geyim dəstlərinin içində qalıb? Niyə uşaq liqalarında dördüncü, yan xətt hakimləri yığışdırılıb, gənc hakimlər hətta sarı və qırmızı vərəqələri idman mağazalarından öz ciblərinin pulu ilə alırlar? Hakimliyə bu cür laqeyd, biabırçı münasibət olar? Düşünürəm ki, futbola olduğu kimi, hakimliyə olan mövcud münasibət də bu sahənin günü-gündən geri getməsini şərtləndirir. Önümüzdə daha vacib çempionat və kubok oyunları keçiriləcək. Allah bizləri həmin oyunlardakı növbəti biabırçı hakim səhvlərindən qorusun...

 

Anar XANLAROV