Çəkilin! Bakıya zadəganlar gəlir!
- 04 Noy 2025 22:01
- 41
Təmsilçimiz "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda sabahkı rəqibi dünya futbolunun nəhəngi, onun tarixinə adını yazdırmış bir klub - "Çelsi"di. Ləqəbləri "zadəganlar"dı. Adlarına layiq də zəngin kubok kolleksiyaları var. Bütün mümkün avrokubokları, daxili yarışları, üstəlik, klublarası dünya çempionatını qazanan ilk və tək klubdu. Əfsanədirlər. Oyunun nəticəsindən asılı olmayaraq, belə komandanın Bakıya gəlişi xüsusi bir hadisədir. Onlarla qarşılaşmanın hər anından zövq almaq lazımdır. Qurban Qurbanov da oyunöncəsi mətbuat konfransında bunu dedi. Odur ki, böyük futbol əyləncəsinə, bayramına hazır olaq.
Milyardlıq komanda
Əlbəttə, sabah meydanda topu kuboklar yox, futbolçular qovacaqlar. Onlar da ki... Şablon səslənə bilər, amma "Çelsi" çox çətin rəqibdi. 1 milyard avrodan çox, daha dəqiq desək, 1 milyard 200 milyon avro qiyməti olan heyətləri var, bütün mövqelərdə bizdən üstündürlər. Elə bir Moyzes Kaysedonun 100 milyon dəyəri var, əbəs də deyil. Onun həftəsonu London derbisində "Tottenhem"in başını açdığı oyunu izləyənlər mənə haqq verər. Belə futbolçuların yer aldığı komanda ilə matça çıxmaq, onlardan xal almağı düşünmək belə böyük hadisədi. Klub da varlı, komanda da varlı...
"Topumuz, topxanamız..."
Amma biz də kasıb və ümidsiz deyilik. "Qarabağ" ÇL-də heyətinin dəyərinə görə 36 komanda arasında 35-ci olsa da (sonuncu "Kayrat"dı), özündən dəfələrlə bahalı rəqiblərin başına az “oyun açmayıb”, elə bu mövsümdə də həmçinin. Maddi olaraq geri qalsaq da, "Axırıncı aşırım" filmində deyildiyi kimi, "Topumuz, topxanamız olmasa da, namusumuz, qeyrətimiz var, bəy". Təbii ki, bu matç namus, qeyrət məsələsi deyil. Ancaq "Qarabağ" öz sistemi, həmçinin öz mübarizliyi və əzmiylə dəfələrlə bu sınaqlardan üzüağ çıxıb, bu günə qədər etdikləri də ayrı bir şücaətdi. "Çelsi" ilə matçda əsas bacarığımız da məhz xüsusiyyətlərimiz olacaq.
Şansımız azdır
Oturub "Çelsi"ni dərindən analiz etmək, onun boşluqlarını, zəif nöqtələrini tapıb demək asandır. Çünki az qala hər həftə gördüyümüz, izlədiyimiz, elit səviyyəli komandadı. O zəif nöqtələr ki, biz görürük ayrı məsələdi, onlardan istifadə etmək ayrı. Əminliklə söyləmək olar ki, "Çelsi" tam formada olduğu və qələbəyə tam kökləndiyi halda bizim xal qazanma şansımız yoxdu. “Qarabağ” hələ ilk dəfə ÇL-ə vəsiqə qazananda da bu komanda ilə üz-üzə gəlmişdik və ağır məğlubiyyətlər almışdıq. Bu dəfə eyni vəziyyətin olma ehtimalı az olsa da, ümumi nəticədə xalsız qalmağımız real görünür. Bizə ancaq rəqibin barmaqarası yanaşması, heyəti qorumağı düşünməsi, onları bu baxımdan hazırlıqsız yaxalaya bilməmizə ümid etmək qalır. Ki, hazırda bunun cizgilərini görürük. Məhz bu halda biz diqqətli davranmalı, minimal şanslardan maksimum yararlanmalı, sonra dözməliyik. Şanslar isə mütləq olacaq, buna şübhəm yoxdu. Futbol möcüzələr oyunudu, ümid həmişə var.
Alternativ heyət
“Çelsi” Bakıya vacib derbidən sonra gəlir. Enzo Mareska da bugünkü mətbuat konfransında qarşılaşmaya önəm verdiklərini, amma rotasiyaya gedəcəkləri bildirdi. Nəzərə alsaq ki, bizimlə matçdan sonra Vətənə qayıdıb, cəmi iki gün sonra növbəti Premyer Liqa matçına çıxacaqlar, bu addım başadüşüləndir. Heyətlərinə bir qədər diqqətli baxaq. Mareska adətən yetirmələrini 4-2-3-1 sxemiylə meydana çıxarır və çox nadir hallarda dəyişikliyə gedir. Xətlər üzrə getsək, qapıda Yorgensen və Sançes kimi çox yaxşı kiperləri var. Xüsusən Sançes son derbidəki inamlı performansı ilə rəğbət qazandı. Ancaq böyük ehtimalla Bakıda Filipi iş başında görəcəyik. Öndə, müdafiə xəttində Kukurelya, Çaloba, Fofana və Ceymsin yer alması gözlənilsə də, baş məşqçinin burda da dəyişikliyə gedəcəyi dəqiqdi. Adarabioyo və Açemponqla başlamaq ehtimalları var. Sadəcə adlarını çəkmək – Enzo Fernandes, Qarnaço, Kaysedo, Neto, Ceyms və s. - yetərlidir ki, rəqibin ən güclü tərəfinin orta xətt olmasını anlayaq. Bu gün Mareska elan etdi ki, Neto oynamayacaq. Bu o deməkdir ki, Estevaonu start heyətində görə bilərik. Andrey Santos və Romen Lavia da hazır olduqları halda “Qarabağ”a qarşı oynaya biləcəklər. Hücumda da seçimləri çoxdur. Əsas qol ümidi təbii ki, Joao Pedrodu. Düzdü, o çoxdandı rəqiblərini məyus etməkdə çətinlik çəkirdi və “oruc”unu son derbidə açmağı bacardı. Bu səbəbdən də Bakıda ön xətdə böyük ehtimalla, Mark Quyu yer alacaq. Matçın gedişində zədədən yeni geri qayıdan Liam Delap da şans qazana bilər.
“Zəif nöqtə”ləri
Adlar, titutlar öz yerində, ancaq meydanda “Çelsi” ideal komanda deyil. Məsələn, hücuma aludə olduqları vaxtlarda müdafiənin cinahlarında boşluqlar verir, rəqibə oradan oyun qurmaq imkanı yaradırlar. Müdafiənin mərkəzindəki futbolçular ayaqla çox yaxşıdılar, pasla çıxmağı bacarır, komandalarının hücumlarını oradan başlaya bilirlər. "Hədiyyə vermək" adətləri yoxdu, ancaq buna ara-sıra rast gəlmək də olur. Bunu o baxımdan qeyd etdim ki, "Çelsi"yə qarşı pressinq tətbiq etmək variantı barədə birmənalı qərar vermək çətindi. Çünki orta xətt duruma görə müdafiəyə və hücuma yetərincə dəstək verir, boşluqları vaxtında doldurmağı bacarır. Şübhəsiz, “zadəganlar”ın ən güclü tərəfi məhz yarımmüdafiədi. Burda çox təhlükəli və amansızdılar, səhvləri bağışlamırlar. Cinahlardan gələn köməklə birlikdə hücumda ciddi üstünlük əldə edir, çox sayda qol epizodları yaradırlar. Bəs, bu rəqibə qarşı necə oynamalı? Məncə, “Çelsi”yə qarşı intensiv futbolu seçib onlarla güc yarışına girmək yanlış olardı. Topu özündə saxlamaq, üstümüzə gələrək verdikləri boşluqlarını gözləmək ən doğrusudur. “Qarabağ” bu işi çox yaxşı bacarır, ancaq rəqibin ağır pressinqinə qarşı problemlər yaşadığımızı da son “Atletik” matçında gördük. Ümid edək ki, futbolçular bir dəfə düşdükləri bu durumdan təcrübə toplaya biliblər və bu dəfə daha hazırlıqlı olacaqlar. Yankoviç-Bikalyo cütlüyünün komandamızın pas trafikində fəal və mümkün qədər az səhvlə iştirakı xüsusi əhəmiyyət daşıyacaq. Kadinin də ənənəvi “10 nömrə” mövqeyində çıxış edəcəyini nəzərə alsaq, bu komponentdə nəyəsə ümid etmək olar. “Çelsi”nin bizə sərf edəcək bir boşluğu da qırmızı alma ehtimallarıdır. Statistikaya əsasən, londonlular orta hesabla 3 oyundan bir qarşılarında bu rəngdə vərəqə görürlər. Bu baxımdan çətinlik yaşayırlar və Mareskaya da bu barədə mütəmadi suallar verilir. Topu özümüzdə saxlayaraq, əskinə, rəqibi özündən çıxarmağı bacarsaq, daha bir üstünlük də buradan əldə etmək olar.
Birlikdə qalib gələk!
Sabah dünyanın gözü Bakıda olacaq. Bizimlə eyni vaxtda ÇL-də ancaq “Pafos” – “Vilyareal” qarşılaşması oynanacaq ki, bizim matçı izləməyi seçənlərin daha çox olacağını rahatlıqla deyə bilərik. Liqaya möhtəşəm başlayan və adından söz etdirən “Qarabağ”ın bu oyunda qazanacağı 1 xal belə aydın səmada şimşək effekti verə və komandanı yenidən beynəlxalq trendə çevirə bilər. Bunun üçün komandanın özü ilə yanaşı, tribunalar da “döyüşə atılmalı”, sadəcə tamaşaçı yox, bir azarkeş kimi dəstək verməlidilər. Son günlərdə motivasiyaya ehtiyac olduğu aşkar görünən futbolçular üçün bu çox vacibdi və istənilən “kömək” böyük bir təkan rolunu oynayacaq. Sabahkı matçda öz yerinizi alanda bunu yaddan çıxarmayın. Çünki sizsiz heç cür alınmayacaq. Rəqib əzəmətli, nəhəng, “zadəgan” “Çelsi”dir. Onu yenmək çətindi, amma mümkünsüz də deyil. Məşhur bir serialda deyildiyi kimi, bəzən varlılar da ağlayır. Yazıya qoyduğum foto flaman rəssam David Tenirsin “Varlının cəhənnəm yolu” əsəridir. Gəlin, sabah birlikdə bu “zadəganlar”ı “ağladıb”, “o biri dünya”ya xalsız yola salaq.
Kənan Məstəliyev