10-cu tura baxış
- 11:00
 - 53
 
Premyer Liqada 10-cu tur geridə qaldı. Öyrəndik ki...
- futbolu Tovuzda izləyərlər. “Turan” azarkeşi sadəcə möhtəşəmdir. Ona görə günün 14 saatını yolda keçirib, 1 000 kilometri gedib-gəlməyə dəyərdi. “Şamaxı” ilə matç sırf oyun baxımından xüsusi gözəlliklə seçilmədi. Ancaq tribunadakı 6 min nəfərin təsiri özünü elə göstərdi ki, bir anlıq meydanda möhtəşəm futbol getdiyini düşündük. Təbii ki elə deyildi, amma ab-hava öz sözünü dedi. Bəli, örtükdə problem vardı. Sanki klub ilk ev oyununu bu matça salmaqda tələsdi. Ancaq yenə də rayona futbolu qaytarmağa dəyərdi. Siz futbolu izləməyə gələn insanların gözlərini görərdiz. İllərdir görmədikləri doğmalarına qovuşmuş kimi sevinirdilər. Hələ də bu havanın təsir altındayam. Əhsən, Tovuz!
- İndi Avropanı fəth edən “Qarabağ” tərəfi bu “Turan” tribunalarını görüb özləri-özlərinə “biz nəyi səhv edirik” sualını verirlər. Heç nəyi səhv etmirlər. Onlar klub olaraq öz işlərinin öhdəsindən artıqlamasıyla gəlirlər. Tənqid olunası insanlar klubun azarkeşləridi. Avrokubok matçında bilet almağa çatdırmayıb inciyən və sosial şəbəkələrdə “sevimli” klubundan üz döndərən “azarkeşlərə”. Həmin Kadi, həmin Zubir, həmin Koxalski “İmişli” matçında da meydandadı, orda da yaxşı oynayır. Amma siz Avropaya, dünyaya səs salan komandanızı ancaq “Bəhramovdan-Bəhramova” yada salırsız. Sonra da deyirsiz ki, niyə bu futbolçular qaçmırlar, ruhdan düşüblər, motivasiyaları yoxdur. Kim verəcək o motivasiyanı? Qurban Qurbanov öz işini görüb, növbə sizdədi. 55 minlik Bilbao tribunasından qayıdıb evində 300 nəfəri görən futbolçu ruhdan düşməsin, nə etsin? Ötən tur "Şamaxı" bundan istifadə etdi, bu tur da az qala "İmişli" edəcəkdi. Qonaqlar birinci hissədə azacıq dəqiq olsaydılar, indi başqa şeylərdən danışırdıq.
- Həmişə demişəm: “Qarabağ”ın qazandığı uğurların 30-40 faizini “Neftçi” qazansaydı, “Palms Sports Arena” hər oyun dolardı. Hər oyun. İddia etmirəm, bilirəm ki, məhz belə olardı. “Ağ-qaralı” azarkeş bilir ki, qələbə tək qazanılmır, onun üçün hamını əlini daşın altına qoymalıdır. İki autsayder “Qəbələ” və “Kəpəz”, həmçinin MOİK-lə kubok oyununda qələbələr, həmçinin az qala bir həftəyə böyük futbolçu olduğunu meydanda da əyani sübut edən Vensan Abubakarın performansı tamaşaçı sayını az da olsa, artırmışdı. Təsəvvür edirəm, “Qarabağ” səfərindən 3 xalla dönülsə, nələr olacaq.
- Tribunada azarkeş problemi olan bir klub da “Sumqayıt”dı. Ötən mövsüm elitada qalmaq uğrunda mübarizəyə qədər enib, ciddi təəssüf doğuran komanda bu il toparlanıb. Saşa İliçin rəhbərliyi altında “kimyaçılar” enişli-yoxulu qrafik cızsa da, hazırda turnir cədvəlinin yuxarısındadılar. Son turda da ağır rəqib “Araz-Naxçıvan”ın geridönüş edərək yenməyi bacardılar. Bu, heç də asan iş deyil. Meydan sahibləri ilk dəqiqələrdən aktivlik nümayiş etdirdilər, hesabdan asılı olmayaraq bu aktivliyi sona qədər də saxlaya bildilər. Görünən odur ki, İliç yavaş-yavaş Premyer Liqanın sirlərini öyrənməyə başlayıb və uyğunlaşma dövrünü bitirmək üzrədir. Tempi isə aşağı salmaq olmaz. Bu Liqada bunun cəzası anında verilir.
- Dambrauskas öz xəttini davam etdirir. “Oyun oynamırlar”, “Bu nə məşqçidir”, “Heç nə edə bilməyəcəklər” deyilən “Sabah” çempionatın potensial lideridi. Velko Şimiçin gəlişindən sonra pleymeyker problemini həll edən “bayquşlar”, Aleksey İsayevin də tam hazır vəziyyətə gəlişiylə daha da güclənəcək, rəqibləri üçün daha çətin rəqibə çevriləcəklər. İki aydır məğlubiyyət üzü görməyən Masazır təmsilçisi yaxşı sürət yığıb. 10-cu turda mayın proqnozunu vermək düz deyil. Ancaq hazırkı qrafik komandanı minimum avrokuboklara, özü də Avropa Liqasına aparır.
- Bu tur komandaların start heyətində meydana cəmi 37 yerli statusda oyunçu çıxdı. Onlardan cəmi 1-i “Turan Tovuz”un payına düşür, o da Filip Ozobiçdir. Azərbaycan futboluna yüzlərlə futbolçu bəxş etmiş Tovuzun elitadakı təmsilçisinin meydana heyətində bir dənə də olsun azərbaycanlı olmadan çıxması çox üzücüdür. Legioner limitinin ləğvinin fəsadları tədricən üzə çıxmağa başlayır. Bu hələ jurnaldır. Kino gələn mövsüm, klublar tələsik yox, planlı şəkildə əcnəbi transfeləri edəndə olacaq. Onda Ayxan Abbasovdan milliylə uğur qazanmağı hansı üzlə tələb edəcəyik, bilmirəm.
- “Zirə” performansındakı enişini məşqçi toxunuşu və oyunçularının fərdi keyfiyyətləri hesabına kompensasiya edə bilir. "Qartallar"ı heç bir vəchlə siyahıdan silmək olmaz.
- Nəsə mənə elə gəlir ki, “Karvan” hələ toparlanacaq. İki turdu komanda daha yaxşı oynamağa başlayıb, nəticələri düzəldə biləcəkləri mesajını verə bilir.