VI İslam Oyunlarında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk matçına çıxıb. Komandamız İranla qarşılaşıb və 3:0 hesabı ilə qələbə qazanıb. 

Yığmamız oyunun sonlarında rəqibin ciddi müqaviməti ilə üzləşsə də meydandan qalib ayrılıb. Millimizin bu qələbəsində isə əsas pay sahibi blokçumuz Ayşən Abduləzimova olub. Təcrübəli voleybolçumuz görüşdən sonra “Rekord.az”a bugünkü görüşlə bağlı fikirlərini bölüşüb:

“Bu gün İslam Oyunlarında ilk oyunumuz oldu və İran komandasını 3:0 hesabı ilə məğlub etdik. İlk iki setdə çətinliyimiz olmasa da üçüncü hissə çox gərgin keçdi. Hətta bir neçə dəfə hesabda geri düşdük. Lakin biz bu seti də qalib başa vura bildik. Qarşıda bizi Tacikistan, Türkiyə və Əfqanıstanla oyunlar gözləyir. Türkiyə ilə qarşılaşma daha çətin olacaq. Bununla belə, biz bütün oyunlarda yaxşı çıxış edib qalib gəlməyə çalışacağıq. Əvvəlki İslam Oyunlarında olduğu kimi bu dəfə də vətənə medalla dönmək üçün əlimizdən gələni edəcəyik”.

Zədə səbəbindən iki il yığmada çıxış edə bilməyən Ayşən hazırda da davam edən bu problemlə bağlı sualımızı da cavablandırıb:

“Bu, mənim iki illik fasilədən sonra millidəki ilk oyunum idi. Bilirsiniz ki, uzun illərdir belimdə ciddi zədəm var. İki il yığma mövsümündə müalicə və bərpa prosesi başa çatmadığı üçün komandamıza kömək edə bilmirdim. Bu zədə hazırda da məni narahat edir, lakin həkimlərin nəzarəti ilə müalicə alaraq məşqlərə davam edirəm, oyunlara çıxıram. Ağrılara baxmayaraq, ən yaxşı şəkildə oynamağa çalışıram. Qarşıdakı oyunlarda da komandamızın qələbəsi üçün əlimdən gələni edəcəyəm”.