Azərbaycan kubokunun "Qarabağ" və "Sabah" arasında keçiriləcək final matçının oyunöncəsi mətbuat konfransları və açıq məşqin vaxtı müəyyənləşib.


Rekord.az xəbər verir ki, mətbuat konfransları mayın 29-da Tofiq Bəhramov adına Respublika Stadionunun konfrans otağında baş tutacaq.


Nominal meydan sahibi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı saat 13:00-da, “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı isə saat 14:30-da başlayacaq. Mətbuat konfransında hər klubdan baş məşqçiylə yanaşı bir futbolçunun iştirakı nəzərdə tutulub.


“Sabah” futbol klubunun ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq oyunöncəsi məşqi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 28 may tarixində saat 12:00-da başlayacaq. “Qarabağ” klubunun matçöncəsi açıq məşqi planlaşdırılmır.


Qeyd edək ki, final oyunu mayın 31-də keçiriləcək.