“Qələbəyə köklənmişdik, amma…” - Rəşad Sadıqov
- 02 Mar 2024 19:45
- 192
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Turan Tovuz"a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:
“Birinci hissə bizim üçün olduqca ağır keçdi. Gözlənilməz hadisələr baş verdi. Əslində oyuna çox yaxşı başlamışdıq. Məqsəd zədələndi, meydanda azlıqda qaldıq. Rəqib dərhal bundan istifadə etdi və hesabda irəli çıxdı. Bundan sonra oyunu düzəltməyə çalışırdıq ki, Rafael Utziq zədələndi. Meydana buraxmağa hücumameyilli oyunçumuz yox idi. Yenə də dəyişiklik edib mübarizəmizi davam etdik. Daha sonra qırmızı vərəqə və azlıqda qaldıq. Bu qədər hadisələrdən sonra ikinci hissədə yaxşı mübarizə aparıb çox vacib 1 xal qazandıq. Oyundan öncə hər birimiz təbii ki, qələbəyə köklənmişdik. Baş verən hadisələrdən sonra bərabərlik də bizim üçün qızıla bərabər idi. Zədələrdən sonra hücumdakı kreativliyimiz aşağı düşdü. Amma yəqin ki, “qırmızı”dan sonra rəqib daha ürəkli oynadı. Biz bir az demotivasiya olduq. Ayxan Abbasovun komandası xoş sözlərə layiqdir”.