Qazax Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə Qazax rayonunun Daş Salahlı kəndində yeniyetmə və gənclərin iştirakı ilə “Biz birlikdə güclüyük” şüarı altında veloyürüş təşkil edilib.

Rekord.az xəbər verir ki, veloyürüş Damcılı mağara düşərgəsinə doğru 5 km məsafədə baş tutub. 

Tədbirdə 70-ə yaxın iştirakçı yer alıb.  İştirakçılar əvvəlcə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıblar. Veloyürüşün məqsədi iştirakçılar arasında milli birlik ideyasının təbliği, sağlam həyat tərzinin təşviqi və tarixi-mədəni irsimizin tanıdılması olub. Tədbirin sonunda iştirakçılara Damcılı filialında qoruqla bağlı məlumat verilib, sertifikatlar təqdim olunub.