Polşanın “Legiya” klubunun hücumçusu Joze Kante Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Drita” (Kosovo) üzərində qazandıqları qələbəni şərh edib.

Rekord.az xəbər verir ki, 2:0 hesablı qələbə qazanan Polşa təmsilçisi pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”a rəqib olub.

Qvineya millisinin də formasını geyinən Kante, Ağdam klubuna qarşı keçirəcəkləri oyuna da toxunub:

“Əla oyun göstərmədik, amma əlimizdən gələni etdik. Artıq pley-offdakı oyuna hazırlaşmalıyıq. “Qarabağ”la matçdan əvvəl daha çox çalışmaq lazımdır. Çempionat görüşünün təxirə salınması yerinə düşdü. Buna ehtiyac var idi. Çünki gələn həftə “Qarabağ”la çox vacib görüşümüz olacaq. Bu, klubumuz adına çox önəmli qarşılaşmadır. Sabahdan “Qarabağ”la oyuna köklənəcəyik və hazırlaşmaq üçün bir həftə vaxtımız olacaq. Hamımız müsbət nəticəyə ümid edirik”.

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.