Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Rekord.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ”ın növbəti rəqibi bəlli olacaq.

İsveçrənin Nyon şəhərindəki tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Mərasim iki hissədən – Əsas yol və Çempionlar yolunun püşkatmasından ibarət olacaq.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç “Molde”sinə uduzan “Qarabağ” Çempionlar yolunun püşkünü gözləyəcək. Burada iştirakçılar iki səbətə bölünəcək.

Səpələnmişlər səbətində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində uduzan 5 komanda yer alacaq. Səpələnməmişlər isə Avropa Liqasının Çempionlar yolunun 3-cü təsnifat mərhələsinin 9 cütü və Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində uduzan “Lüdoqorets”lə “Tirana”dır. 3-cü təsnifat mərhələsinin 9 cütündən 8-nin tərkibi sentyabrın 17-də keçirilən görüşlərdən sonra dəqiqləşsə də, bir matç başa çatdırılmayıb. “Ararat” – “Çelye” cütü “Qarabağ”a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionu 8 cüt və ya 2 klubdan biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off görüşləri oktyabrın 1-də keçiriləcək.

Səpələnmişlər
Qarabağ (Azərbaycan)
Dinamo (Xorvatiya)
Dinamo (Brest, Belarus)
Srvena Zvezda (Serbiya)
Yanq Boyz (İsveçrə)

Səpələnməmişlər
Sarayevo (Bosniya və Herseqovina) - Buduçnost (Monteneqro) cütünün qalibi 
Şerif (Moldova) – Dandalk (İrlandiya) cütünün qalibi 
Ararat (Ermənistan) - Çelye (Sloveniya) cütünün qalibi 
Riqa (Latviya)/Tre Fiori (San-Marino) - Seltik (Şotlandiya) cütünün qalibi 
Kuopio (Finlandiya) - Suduva (Litva) cütünün qalibi 
Legiya (Polşa) – Drita (Kosovo) cütünün qalibi 
Klasksvik (Farer adaları) - Dinamo (Tbilisi, Gürcüstan) cütünün qalibi 
Yurqorden (İsveç) - ÇFR (Rumıniya) cütünün qalibi 
Floriana (Malta) - Flora (Estoniya) cütünün qalibi 
Ludoqorets (Bolqarıstan)
Tirana (Albaniya)