"Qarabağ" - "Zirə" yoxlama görüşündən qeydlər
- 11:38
- 43
Dünən ölkə futbolunun yeni mövsümünün ilk yoxlama görüşü keçirildi. Yenə, artıq ənənəvi olaraq "Qarabağ"la "Zirə", yenə birincilərin bazasında, yenə 3 hissəlik (30+30+45 dəq) matçda qarşı-qarşıya gəldilər. İki avrokubok təmsilçimizin görüşü bu komandaların beynəlxalq matçlara hazırlıq vəziyyətinə qiymət vermək, müəyyən fikirlər yürütmək üçün yararlı oldu.
"Qarabağ" yenə ehtiyat qüvvəyə çox şans verdi, onlar da bundan yaxşı istifadə etdilər. Qollarda da, assistlərdə də, ümumilikdə bütün mövqelərdə imzaları vardı. Mən daha çox mərkəz müdafiəçisi Məhəmməd İmaməliyevin oyununu bəyəndim. Bir az fiziki hazırlığı yaxşılaşsa, oyun təcrübəsini də artırsa, gələcəyi var.
Yeni transferləri də iş başında gördük. Bir matç futbolçunun performansına qiymət vermək üçün yetərli deyil, amma ilkin təəssüratlar var. Muaddib və Lobatonu o qədər də bəyənmədim. Ola bilər orta xətdə oynadıqlarından və "Qarabağ" əsas xətti, mühərriki bura olduğundan uyğunlaşma daha çox vaxt aparacaq. Savo hücumda yaxşı idi, sürəti və fiziki hazırlığı ilə diqqət çəkdi. Ən çox xoşuma gələn isə Lanqa oldu. Cinahda çox aktiv idi, yaxşı, keyfiyyətli oyunçu olması ilk baxışdan, toxunuşlardan göründü.
Ümumilikdə, "Qarabağ" pis təsir bağışlamadı. Amma ab-hava tam da o deyildi. Komandada ciddi yenidənqurma gedir və hazırda bu prosesin ən qızğın çağıdır. Qurban Qurbanov da qeyd etdi ki, gedənlər də olacaq, gələnlər də. Qeyri-müəyyənlik bitməyincə, Ağdam təmsilçisinin çıxış perspektivi haqda birmənalı fikir yürütmək düz olmayacaq. Avroliqada ilk rəqibin aşkar zəif olması, həm yenilənmiş komanda üçün yaxşı bir sınaq məşqi keçirmək, həm də mövsümə qələbələrlə başlamaq imkanı verəcək. Onsuz da "Qarabağ" gec oyanandır, bu qədər dəyişikliyin fonunda qrafikin bu cür münasib olması yaxşı oldu.
"Zirə"ni isə gözlədiyimdən daha diri gördüm. Tyaqo Silva və Ayron Qomis kimi oyunçuların gedişi komandaya təsir edib. Amma faciəvi bir vəziyyət də yoxdur. "Qarabağ"a qarşı aktiv futbol oynadılar, müxtəlif variasiyaları sınaqdan keçirdilər. Məsələn, topun bir cinahdan digərinə tək pasla ötürülməsini normadan çox etdilər, yəqin ki, gürcülərlə matçda buna şahidlik edə bilərik. Rəşad Sadıqov daha bir neçə transfer edəcəklərini, amma bunun sırf avrokubok edilməyəcəyini qeyd etdi. Doğru yanaşmadır. Çox qısa müddətdə yığılan, əvvəl bir, sonra başqa plan qurmağa məcbur olan zirəlilər, həm Avropada, həm də çempionatda uğursuzluğa düçar ola bilərlər. Ona görə də əsas fikrin Premyer Liqaya yönəldilməsi bu gün üçün ən doğru, sağlam qərardır.