Türkiyənin “Qalatasaray” klubunun sabiq yarımmüdafiəçisi, Seneqal millisinin üzvü Badu Ndiaye yenidən Super Liqaya qayıdıb.

Rekord.az xəbər verir ki, 31 yaşlı futbolçunu bu dəfə “Adana Dəmirspor” klubu heyətinə qatıb.

Bu barədə Adana klubunun rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Ndiaye ilk dəfə 2015-ci ildə Türkiyəyə gəlib. Onun bu ölkədəki ilk komandası “Osmanlıspor” olub. 2017-2018 mövsümündə “Qalatasaray”da çıxış edən oyunçu, rekord transfer məbləği qarşılığında İngiltərənin “Stok Siti” klubuna transfer olunmuşdu. 2021-ci ilə qədər “Stok Siti”də qalan futbolçu, bu komandada möhkəmlənə bilmədiyi üçün əvvəlcə “Qalatasaray”ın özünə, ardından “Trabzonspor” və “Fatih Karagümrük” klublarına icarəyə verilmişdi. Son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əyn”də icarədə oynayan futbolçu, 2021/22 mövsümünün əvvəlində Yunanıstanın “Aris” komandasına transfer olunmuşdu.