"Pley-offda heç kimə güzəşt edilmir. Avropa və dünya çempionları ilə oynayırıq. Onlara hörmət edirik, amma gücümüzə inanırıq".

Rekord.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə keçiriləcək görüş haqqında danışarkən deyib.

Argentinalı mütəxəssis UEFA-nın saytına açıqlamasında Münhenə qələbə üçün getdiklərini bildirib: "Bavariya” yüksək səviyyəli müdafiə və yaxşı hücum xəttinə sahibdir. Düzgün oynamaq lazımdır. Çox irəli atılmaq olmaz". 

Poçettino ÇL-də ötən mövsümün finalında PSJ-nin "Bavariya"ya uduzduğunu da xatırladıb: “İnsanlar Neymar və Mbappa haqqında çox danışırlar. Ancaq sabah meydana çıxacaq 11 oyunçunun hamısının qələbəmiz üçün lazım olan hər şeyi edəcəyinə inanıram. “Bavariya”dan qisas almağı düşünmürük, ancaq bu oyun bizim üçün bir çağırışdır. “Bavariya” qədər güclü bir komandanı məğlub etmək hər zaman çətin məsələdir”.

Qeyd edək ki, sabah keçiriləcək "Bavariya" - PSJ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.