AFFA Təhsil və Reabilitasiya Mərkəzində, UEFA və “Disney”in birgə təşəbbüsü, AFFA-nın təşkilatçılığı ilə həyata keçirilən “Playmakers” layihəsi çərçivəsində məşqçi-müəllimlər üçün təlim-seminar keçirilib.


Rekord.az xəbər verir ki, tədbirin açılışını AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva ediblər. Təlim prosesinə layihənin təlimatçıları Gülyana Özcan və Ofeliya Qafarova rəhbərlik ediblər.


Seminar iki hissədən ibarət olub – nəzəri və praktiki.

- Nəzəri hissədə iştirakçılara layihənin məqsədləri, metodikası və məşq sessiyalarının tətbiqi qaydaları izah olunub.

- Praktiki hissədə isə meydançada interaktiv fəaliyyətlər həyata keçirilib və iştirakçılar uşaqlarla iş zamanı tətbiq olunan “Playmakers” məşq modellərini əyani şəkildə sınaqdan keçiriblər.


Bakı və üç regionda olmaqla 25 mərkəzdə fəaliyyət göstərən “Playmakers” layihəsi 2028-ci ilə qədər davam edəcək. Layihənin reallaşmasında əsas məqsəd 5-8 yaşlı qız uşaqlarının futbola marağını artırmaq, sosial və psixoloji bacarıqlarını inkişaf etdirmək və erkən yaşdan sağlam həyat tərzinə təşviq etməkdir. Layihə 2022-ci ildən etibarən AFFA-nın təşkilatçılığı ilə uğurla icra olunur və bu müddət ərzində 6000-dən çox qız uşağı “Playmakers” proqramı vasitəsilə futbolla tanış olub.


“Playmakers” proqramı qadın futbolunun inkişafına, gender bərabərliyinin təşviqinə və gənc qızların idmana inteqrasiyasına mühüm sosial töhfə verir.