PFL çempion oldu
- 14:40
- 35
Futzal üzrə Birinci Liqada 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Rekord.az xəbər verir ki, əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib.
Ötən mövsümün qalibi “Baku Fire-2” bu dəfə bürünc uğrunda matçda “Xan-Lənkəran”la gücünü sınayıb. Fasiləyə qədər rəqib qapısından bir top keçirən əyalət təmsilçisi ikinci hissədə daha məhsuldar olub.
Final qarşılaşmasında isə qızıl medalı ötən il “Baku Fire-2” ilə dueldə əldən verən, əvəzində Azərbaycan kubokunu qazanan PFL və STAR kargo üz-üzə gəlib. Matçda hesabı “yaşıllar” açsa da, fasiləyə qədər nominal qonaqlar status-kvonu bərpa edib. İkinci hissədə də ilk qolu PFL vurub. Standart vəziyyətdən “ev tapşırığı”nı yerinə yetirən PFL tablodakı rəqəmləri xeyrinə dəyişib. Növbəti dəfə rəqibi əks-hücumda üstələyən nominal meydan sahibləri fərqi 2 topa yüksəldib. Cəmi 1 dəqiqə sonra “STAR kargo” rəqib torunu silkələməklə intriqanı ölməyə qoymayıb.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final matçını idarə edən hakimlərə və görüşün hakim-inspektoruna, daha sonra ən məhsuldar futzalçısı Nicat Mədədova diplom və xatirə hədiyyələri, pley-off mərhələsinə vəsiqə qazanan “Baku Fire-2”yə diplom, “Xan-Lənkəran”, “STAR kargo” və PFL komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar və diplomlar, Birinci Liqanın qalibinə çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşları - Xosrov Məmmədov və Həsən Əliyev təqdim ediblər.
3-cü yer
Baku Fire-2 – Xan-Lənkəran 1:6
Final
PFL – STAR kargo 4:2