"Onları geri qaytarsaq, "Sumqayıt"ın qabağında heç kim dura bilməz"
- 15:00
- 46
"Sumqayıt" Futbol Akademiyasının yeni rəhbəri Adil Şükürov geridə qalan 4 aylıq fəaliyyəti ilə bağlı Rekord.az-a geniş açıqlama verib.
O, ilk olaraq bu müddətdə gördükləri işlərdən bəhs edib: "Yeni gələndə ilk növbədə məşqçiləri tanımalı idim. 1-2 həftəlik sərbəst proqram verdik ki, onlar öz məşq proqramlarını qursunlar və biz də qərar verək ki, onlarla işimizi necə quraq. Gördüyüm o idi ki, hər kəs dağınız məşq proqramı qurmuşdu, ümumi bir ana xətt yox idi. Ona görə U-19 və ordan aşağılara ümumi sistem götürdük. Ondan sonra bütün məşqçilərlə oturub vahid məşq proqramı hazırladıq. Daha sonra şəhərdə fəaliyyət göstərən digər futbol məktəbləri ilə sıx əlaqələr qurmağa başladıq. Bunun nəticəsində seleksiya zamanı akademiyaya xeyli uşaqlar gəldi. Məsələn, 2011-ci il təvəllüdlü uşaqlarla bağlı ciddi problemimiz var idi. Bu seleksiya nəticəsində bu problemi də həll etdik. Burdan həmin məşqçilərə də "sağ ol" deyirəm ki, uşaqlarını bizə verməyə razı oldular. Təbii ki, bu işdə "Sumqayıt"rəhbərliyinin, klubun prezidenti Riad Rəfiyevin də əməyini qeyd etməliyəm".
Daha sonra Şükürov akademiyada daha çox perspektiv vəd edən, medal götürmək şansı yüksək olan yaş qrupları haqda da danışdı: "Biz hansısa komandamızın qarşısına mütləq şəkildə tələb qoymamışıq ki, nəticə verin. Əsas məqsədimiz odur ki, əsas komanda üçün yaxşı futbolçular yetişdirək. Bundan başqa, AFFA-nın da razılığını alandan sonra bəzi yaş qruplarımızda iki komanda yaratdıq və hər ikisinin AFFA-nın bayrağı altında keçirilən çempionatda iştirakını təmin etdik. Məsələn, U-12, U-13 və U-14 yaş qruplarımız çempionatda iki komanda ilə çıxış edir. Bundan başqa, U-16 yaş qrupunda bir komandamız "Sumqayıt", bir komandamız isə "Polad-2024" adı ilə çıxış edir. Bununla da akademiyada komanda sayını xeyli artırdıq. Bu isə bizim seçim imkanımızı artırır. Elə uşaq var ki, potensialını indi açır, eləsi var bir ildən sonra, Çalışdıq ki, bütün uşaqları akademiyada saxlayaq və onları itirməyək. Onu da nəzərə alaq ki, bizim cəlb etdiyimiz uşaqlar bu günə qədər kiçik ölçülü meydançalarda məşq ediblər. Bu gün isə biz onlara daha böyük meydançada baxırıq və onların perspektivini daha açıq şəkildə görürük".
Akademiya rəhbəri milli komandalara dəvət alan futbolçuları haqda da danışdı: "İki nəfərimiz U-17 millisinə dəvət alır. Dörd nəfərimiz isə U-21 milisinə cəlb olunub. U-15-də iki, U-16-da isə bir futbolçumuz var. Amma sizə deyim ki, hazırda akademiyamızda olan və milliyə dəvət almayan kifayət qədər istedadlı uşaqlarımız da var, hansı ki, onların da milli komandaya dəvət alıb özlərini ən yaxşı səviyyədə göstərəcəklərinə şübhə etmirəm".
Həmsöhbətimiz sonda Sumqayıtın futbol potensialı haqda da fikirlərini bölüşdü: "İlk növbədə qeyd edim ki, Sumqayıtda mütləq yerli çempionat keçirmək lazımdı. Məktəblər arasında, özü də böyük meydançalarda. Təbii ki, bunun üçün meydançalar lazımdı. Həmin meydançalar olsa və bu çempionat keçirilsə, inanın ki, Sumqayıtdan Azərbaycan futbolu üçün çox-çox istedadlı futbolçular ortaya çıxacaq. Bu gün biz 2011-ci il təvəllüdlü komandaya elə uşaqlar seçdik ki, indiyə qədər o uşaqlarb heç yerdə yox idi. Sırf seleksiya ilə seçdik o uşaqları. Bu gün "Neftçi"də, "Sabah"da, "Qarabağ"da neçə-neçə sumqayıtlı uşaqlar var. Əgər biz onları da geri qaytara bilsək, "Sumqayıt" komandasının qabağında heç kim dura bilməz".