"Zirə"nin qapıçısı: "Belə matçlardan zövq almağa çalışırıq" - MÜSAHİBƏ
- 10:00
- 81
"Zirə"non qapıçısı Maykon Kleyton Rekord.az-a müsahibə verib:
-Bugünkü oyununuzu necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, çox yaxşı oyun keçirdik. Matçın əvvəlində qapımızda qol görməyimiz işimizi xeyli çətinləşdirdi. Fasilədən sonra baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışdıq və müəyyən mənada buna nail olduq. Topa və oyunun tempinə nəzarət edirdik. Təəssüf ki, yaratdığımız qol imkanlarından yararlana bilmədik. Futbol belədir və bəzən belə hallar yaşanır.
- Arxanızda ehtiyatda bir oyunu olan "Kəpəz" qərarlaşır və nəzəri cəhətdən qarşıdakı turlarda sizi geridə qoya bilər. Qarşıda isə "Sabah" və "Qarabağ"la oyunlarınız var. Bu qarşılaşmalardan hansı nəticəni gözləyirsiniz?
- Bilirik ki, bugünkü oyun və qarşıdakı iki qarşılaşma, necə deyərlər, böyük oyunlardır. Belə matçlardan zövq almağa çalışırıq. Ümid edirəm ki, bu görüşlərdə ən azı bir neçə xal qazana biləcəyik.
- Mövsümün sonunda hansı nəticəni gözləyirsiniz? Komandanın qarşısına qoyulan məqsəd nədir?
- Mövsümün əvvəlindəki məqsədimiz dəyişməyib. Hər oyuna üç xal qazanmaq üçün çıxırıq. Qış fasiləsinə qədər üç oyunumuz qalıb. Bu qarşılaşmalarda maksimum nəticə qazanmağa çalışacağıq ki, fasiləyə mümkün qədər yaxşı göstəricilərlə yollanaq.
- Azərbaycan çempionatı haqqında təəssüratlarınız necədir? Karyeranızın bu mərhələsini necə xarakterizə edərdiniz?
- Etiraf edim ki, əvvəllər Azərbaycan çempionatını yaxından izləmirdim. Lakin bura keçməzdən əvvəl burada çıxış edən və ya əvvəllər oynamış həmyerlilərimlə danışdım. Onlar mənə çempionatın çox rəqabətli olduğunu bildirdilər. Hər il yerli komandaların avrokuboklardakı nəticələri də bunu təsdiqləyir.