“Hər adama fikir vermə, cəhənnəmə ki! Sözə bax ha, cəhənnəmə ki, əcəb sözdür”. (“Şərikli çörək” filmindən Qırçı Məhəmmədin sözləri)


Dünən axşam Bakını soyuq külək və buz kimi yağış damlaları öz əsarətinə alarkən mən metronun “20 yanvar” stansiyasından “Koroğlu”ya necə getmək barədə düşünürdüm. Adamın iliklərinə qədər işləyən soyuq məni fikrimdən daşındırmağa çox cəhd göstərsə də, fikrimdə qəti idim və özümü Bakı Olimpiya Stadionuna çatdırmalıydım. Amma necə? Bakının xəritəsini göz önünə gətirib, çıxış yolu, daha doğrusu “BOS-a varış yolu” axtarırdım. 


Metrodakı xətlərin təmiri minlərlə, yüzminlərlə vətəndaşın işini çətinə salıb. AYNA-nın təşkil etdiyi müxtəlif rəqəmlərin kompozisiyası ilə qulağa xoş gələn “M” hərfli avtobuslara isə ümid edə bilməzdim. Qorxurdum ki, hardasa ilişərəm və “görüş yerinə” vaxtında çata bilmərəm. Ona görə də bizimkilərin xoşladığı “alternativ yollara” baş vurdum. Yox, taksiyə minmək ağılsızlıq idi. Əvvəlcə “20 yanvar”dan “Azadlığa" metroyla getdim. Ordan “Gənclik” stansiyasına qədər avtobusa minməli idim. Avtobus gəldi və hamının bir qapıdan minmək məcburiyyəti səbəbindən təxminən 2-3 dəqiqəlik basırıqlığa və gərginliyə düşdüm. AYNA sərnişinlərin işini asanlaşdırıb, orta qapıya da ödəmə terminalı yerləşdirməsə də, sərnişinlər özləri bu çıxış yolunu tapıblar. Yerdəki sərnişinlər kartını avtobusdakılara verir, onlar da ödəniş edib qaytarır, gedib orta və arxa qapıdan minirsən...


Əlqərəz, özümü birtəhər əvvəl “Gənclik” stansiyasına, ordan da “Koroğlu”ya çatdırdım. Təxminən 2-3 km yolu piyada getdikdən sonra BOS-a daxil oldum. Yolda canıma keçən soyuğun təsirindən media otağında çıxıb, canımı bir qədər isitdikdən sonra yuxarı qalxdım və media sektoruna yönəldim. Media sektora daxil olar-olmaz qarşımı bir polis kəsdi. “Sabah”ın verdiyi və ölçüləri kifayət qədər böyük olan akkreditasiya kartım boynumdan asılı olsa da, polis əməkdaşı yanındakı “könüllüyə” əmr etdi: “bunların hamısını göndər yuxarı!” Özüm də təəccübləndim. Jurnalistin harda əyləşəcəyinə nə üçün polis qərar verir? Yaxşı ki, mənim etirazıma gərək qalmadan “könüllü” polisə mənim jurnalist olduğumu və düz yerimə gəldiyimi bildirdi.


Oyun başladı, “Sabah” ilk dəqiqələrdən pis görünmürdü və rəqibindən çəkinmirdi. Hətta Xəyal Əliyev hesabı açmağa da yaxın oldu. Elə bu dəmdə səsgücləndiricilərdən “anons” eşidildi: “İticket” tətbiqində problem olduğu üçün bəzi azarkeşlər yerlərinə keçə bilmir, səbrli olaq, bu gün futbol bayramıdır”. Az qalırdı ki, stadionun diktoru bir də “urra!” qışqırsın. Yağışda-soyuqda min əziyyətlə özünü BOS-a çatdıranlar öz halalca yerlərinə keçib, futbola baxa bilmir, biz isə “urra” qışqırırıq. Elə bu dəm dostlardan biri qulağıma pıçıldadı: “Barselona”nı Bakıya gətirməklə deyil, hələ bilet satışını normal təşkil edə bilmirik”...


Meydana baxıram, yavaş-yavaş “Barselona” təzyiqi artırır. Qordon birinci qolu vurur, sonra ikincini... hakim ofsayd deyir, qolu qeydə almır. İşi bitirmək ikinci hissəyə qalır. İkinci qol, sonra üçüncü, bu da dördüncü... Meydanda Azərbaycan çempionu “Sabah”la “Barselona” oynayır. Bakıya “Barselona” təşrif buyurub, “Barselona”! Minlərlə azərbaycanlı min əziyyətlə yol qətib edib, BOS-a gəlib. Hələ bunun evə qayıtmağı da var... Afişaya bax e, “Sabah” – “Barselona”!