Nəriman bizə sübut etdi ki...
- 23 Fev 2024 12:46
- 802
Cəmi bir həftə əvvəl çoxları onu qınayırdı. Deyirdilər ki, Nəriman Axundzadə “Braqa”nın qapısına beşinci qolu vursaydı, cütün taleyini həll edəcəkdi. “Braqa” səviyyəsində rəqibin Bakıda “Qarabağ”ın qapısına iki dəfə yol tapıb, ümumi hesabı bərabərləşdirməsi o qədər də mümkünsüz deyildi. Qorxduğumuz başımıza gəldi. Portuqaliyadan gələn qonaqlara bu işdə Elvin Cəfərquliyevlə bolqar hakim Georgi Kabakov xeyli yardım göstərdi.
Cəfərquliyev artıq 57-ci dəqiqədə “Qarabağ”ı azlıqda qoydu. Qısa müddətdə iki sarı vərəqə alan Elvinə Kabakov ikinci sarı vərəqənin ardınca “qırmızı işığı” tərəddüd etmədən göstərdi. Bəli, ikinci sarı vərəqəyə görə bolqarıstanlı ədalət təmsilçisini qınaya bilmərik. Bəlkə də birinci epizodda Elvini bağışlamaq mümkün idi. Məsələnin digər pis tərəfi odur ki, 57-ci dəqiqədəki hərəkətinə görə Cəfərquliyev birbaşa qırmızı vərəqə də ala bilərdi, lakin bolqarıstanlı referi ona qarşı qəddar davranmadı. Bu isə Elvinin meydandan qovulmasına görə alacağı cəzanın az olacağı demək idi. Təəssüflər olsun ki, futbolçumuz qarşısında qırmızı vərəqə görüncə daha aqressivləşdi və Kabakova vulkan kimi qəzəb püskürdü. Qorxuram ki, bu davranış fəsadları çox ağır olar.
Mən Elvini qınamaq fikrində deyiləm. Biz bir həftə bundan əvvəl də Nərimanı belə qınayırıq. Qəbul etmək istəmirdik ki, bu futboldu. Sehirli top oyununun içində sevincli anlar, mükəmməl hərəkətlər olduğu kimi, üzüntü yaşamaq da, kobud səhvlərə yol vermək də var. Heç şübhə etmirəm ki, zamanı gəlincə Elvin də Nəriman kimi öz “günahını” böyük qəhrəmanlıqla “yumağı” bacaracaq, özünü azarkeşlərə yenidən sevdirəcək. Ona da inanıram ki, Qurban Qurbanov ötən həftə Nərimana necə sahib çıxmışdısa, bu dəfə Elvinə də o cür sahib çıxacaq, futbolçusunu ruh düşkünlüyündən, zərərli təzyiqdən qoruya biləcək. Bizim Elvin, Nəriman, yaxud da “Qarabağ”ın heyətindəki digər azərbaycanlı futbolçular kimi neçə futbolçumuz var ki, onları da hər səhvinə görə asıb-kəsək?!
Bəli, təəssüflər olsun ki, bu siyahı heç də geniş deyil. Hətta barmaqla sayılacaq qədərdir. Ona görə də millimizin başına keçən əcnəbi çalışdırıcılar da yerli futbolçu qıtlığını başımıza vurur, özlərinə bəhanə qalxanı hazırlayırlar. Əzizləməyin, ərköyünləşdirməyin də əleyhinəyəm. Biz çalışmalıyıq ki, bu məsələdə “qızıl orta”nı tapaq, nərimanlara, elvinlərə sahib çıxaq. Bunu edək ki, Azərbaycan futbolu da onlardan daha çox fayda görsün.
Nəriman Axundzadənin o möhtəşəm qolu bizi bir həqiqəti də sübut etdi. Uşaq futboluna, akademiyalara mütləq diqqəti artırmalıyıq. Mübariz Mənsimov ölkə futbolu adına cənub bölgəsində çox böyük işlər görüb. Amma təəssüf ki, onun burda iş tapşırdığı adamlar prosesi düzgün aparmadı, “Xəzər Lənkəran”ın ömrü qısa oldu. Bahalı əcnəbilərə, xarici məşqçilərə dağıdılan milyonlar düzgün xərclənsəydi, bu gün Lənkərandan Toral Bayramov, Nəriman Axundzadə kimi xeyli sayda futbolçu çıxardı. Qısa müddətdə böyük nəticələr arxasınca qaçmaq yox, gələcəyi möhkəm təməllər üzərində qurmaq vacibdir. Ümid edirəm ki, “Xəzər Lənkəran” qayıtsa, bu dəfə fərqli siyasət yürüdəcək və biz daha çox istedadların üzə çıxarılmasını görəcəyik.