“Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq” - Ayxan Abbasov
- 26 Okt 2025 21:00
- 35
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçə barədə bunları söyləyib:
“Bilirdik ki, çətin olacaq. Son turdakı nəticədən sonra toparlanmağımız önəmli idi. Bu gün nəticədən asılı olmayaraq, futbolçularıma təşəkkür edəcəkdim. Çünki həqiqətən meydançada döyüşkən ruh, istək var idi. Qol epizodlarımız da oldu. Bu da bizə xas olan oyundur. Ötən matçda futbolda nadir hallarda olan hər şey başımıza gəldi. Qırmızı vərəqə aldıq, öz qapımıza qol vurduq. Önəmli olan toparlanmaq idi. Futbolçularıma təşəkkür edirəm ki, "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm inanılmazı bacaracaqlar.
Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odur ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. "Qarabağ" çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir.
"Qarabağ" ağır səfərdən gəlmişdi, heyətlərində dəyişiklik olmuşdu. Bilirdik ki, 60-cı dəqiqədən sonra əsas heyəti buraxacaqlar. Düzdür, "Qarabağ"da əsas heyət deməyə adam bir az çətinlik çəkir. Amma bu gün müdafiəçilərimiz yaxşı oynadı. Demək olar ki, rəqibə 100 faizlik epizod vermədik. Bizdə isə əks-hücumda qol epizodları daha real görünürdü. Futbolçularımız oyuna yaxşı konsentrasiya olmuşdu”.