“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
- 20:00
- 39
"Şəki" basketbol klubu evdə keçirdiyi matçlarda asanlıqla məğlub olmur.
Rekord.az xəbər verir ki, bunu baş məşqçi Bedri Meriç bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının 4-cü turunda qarşılaşdıqları NTD ilə matç haqqında fikirlərini bölüşüb:
"Əvvəla qələbəyə görə komandamı təbrik edirəm. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür bildirirəm. Ötən mövsümdən bir vərdişimiz var. Şəkidə asanlıqla məğlub olmuruq. Bu mövsüm də A qrupu komandaları üçün Şəki çətin səfər olacaq. Burada öz oyunumuzu göstərə bilirik. Hücumdakı çıxışdan razıyam, ancaq müdafiədən yox. Bu gün həm Ərcan Donat, həm də Rəşid Abbasov texniki faulla uzaqlaşdırıldı. Bu problemi həll etməyimiz lazımdır. Onlara bizim meydanda ehtiyacımız var. Erkən faul aldıqlarından meydanda onların xidmətindən yararlana bilmirik. 2 yerli oyunçumuzun bu problemlə üzləşməsi hesabın böyük olmasının qarşısını aldı. Uzun oyunçu problemi yaşayırıq".
Baş məşqçi oğlu ilə ilk dəfə rəqib qismində qarşılaşdıqlarını söyləyib:
"NTD də 4 əcnəbi ilə oynamasına baxmayaraq, yaxşı çıxış etdi. Mənim üçün də özəl matç oldu. Oğlum Dərin Bərközlə ilk dəfə rəqib qismində qarşılaşdıq. Bu, çox gözəl hiss idi. Dərinə karyerasında uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycan basketbolu üçün xeyri dəyəcək".
Şəki Olimpiya İdman Kompleksində baş tutan A qrupu matçı "Şəki"nin 88:81 hesablı qələbəsi ilə başa çatıb.