Eduardo Karo Balada "Neftçi"də fiziki hazırlıq üzrə yardımçı təyin olunub.

Rekord.az xəbər verir ki, ispaniyalı bu vəzifədə həmyerlisi Marko Kastelyanonu əvəzləyib.

O, Azərbaycan futboluna bələd birisidir.

Belə ki, 2019-cu ilin yayında “Sumqayıt”ın əsas komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edib. Ötən ilin yayında buradan ayrılan mütəxəssis Türkiyə Superliqasında çıxış edən “Gənclərbirliyi”nə yollanıb.

İspaniyalı noyabr 10-dək Mert Nobre ilə çalışırdı. Braziliyalı baş məşqçi istefaya göndəriləndən sonra o da Ankara təmsilçisindən ayrılmışdı.

İndi isə o, “Neftçi“də heç də az olmayan maaşa çalışacaq. Klubdan sportinfo.az-a daxil olan məlumata görə, Edu 2000 dollar əməkhaqqı alacaq.

Çox qəribədir ki, bu anlaşmada yenə Ceyhun Sultanovun adı keçir. Klubun prezidenti Kamran Quliyevin ispaniyalı mütəxəssisin bura gətirilməsi üçün keçmiş idman direktorundan kömək istədiyi bildirilir.

Qeyd olunur ki, hazırda “Keşlə“də eyni postu tutan Sultanov uzun illər bir yerdə çalışdığı Quliyevin sözünü yerə salmayaraq, şəxsi əlaqələri hesabına Edunu “Neftçi“də işləməyə razı sala bilib.