Nə etdiyini özün bilirsən, “Zirə”..?
- 05 Noy 2019 14:00
- 975
Bir müddət bundan qabaq “Zirə” haqqında “Başsız atlı” adlı yazı yazmışdım. Həmin yazıda əsas problemin klubun başsız olması ilə əlaqələndirib təcili prezident postuna təyinatın gerçəkləşməli olduğunu bildirmişdim. Aradan xeyli vaxt keçsə də, ortada yeni heç nə yoxdur və komanda yoluna elə "başsız" davam edir. Hara kimi davam edəcəklərini heç özləri də bilmirlər.
Samir Abasovun istefaya göndərməklə işlərin yoluna düşəcəyini düşündülər. Amma hər şey daha pisə doğru gedir. “Sumqayıt”la oyuna baxanlar komandanın hansı gündə olduğunu canlı gördü. “Sumqayıt”ın yerinə daha ciddi və daha peşəkar futbolçulardan qurulu komanda olsaydı və imkanların 1/4-ni reallaşdıra bilsəydi, “Zirə” meydanı böyükhesablı məğlubiyyətlə tərk edəcəkdi. Allahları onda gətirdi ki, rəqibin heyətində boş qapıya düşə bilməyən Babayi və ayaq üstə "dayana" bilməyən, topla gedəndə büdrəyən Əmir Ağayev var idi.
Ümumiyyətlə, “Zirə” kimi klubları heç vaxt ciddi qəbul etməmişəm. Çünki ciddi klubun azarkeşi olar. Bir klub ki, tribunalara 500-600 azarkeş yığa bilmir, hansı peşəklarlıqdan danışır, bilmirəm. Dünyanın heç yerində belə klub yoxdur ki, prezident istefa versin və yeri 1 aydan çoxdur ki, boş qalsın.
Klubun qeyri-ciddiliyini sübut edən daha bir məqam baş məşqçi məsələsində verdiyi qərardı. Samir Abasovu niyə gətirmişdilər, niyə göndərdilər, heç kimə çatmadı. Guya klub rəhbərliyi istədiyi nəticəni ala bilmirdi? Görəsən, “Zirə” rəhbərliyinin istədiyi nəticə nə idi? Onlar proqnoz götürmüşdülər ki, 6-7 turdan sonra “Zirə” böyük fərqlə ilk sırada gedəcək? Ümumiyyətlə, bir məşqçinin işinə 6-7 tura görə qiymət verən rəhbərliyin futbol savadının özü belə şübhəlidir. Əgər “Zirə” ard-arda bütün oyunları uduzsaydı, hardasa onları başa düşmək olardı. Lakin Samir Abasov istefaya gedəndə komandanı 3-cü yerdən cüzi xal fərqi ayırırdı. Yəni komanda növbəti turlarda 1-2 qələbə qazanmaqla hətta 2-ci pilləni də ələ keçirə bilərdi. Heç olmasa öz əziyyətlərinə heyfləri gələrdi. Az-çox vəsait xərcləmişdilər, yeni futbolçular almışdılar, ölkə xaricində toplanış keçmişdilər.
Baş məşqçiyə də bir az zaman vermək lazım idi. Heç başqa klubu misal çəklmirəm, özlərinə ən yaxın olan “Qarabağ”ı örnək götürərdilər. Baxıb görəydilər ki, Qurban Qurbanov neçə ildən sonra nəticə verdi. Yaxud “Sabah” Elşad Əhmədova nə qədər zaman verdi. Sənan Qurbanov kimi məşqçilik bacarığı yüksək olmayan birinə belə, “Qəbələ”də o qədər zaman verdilər. Görəsən, “Zirə” rəhbərliyi Samir Abasova niyə bu zamanı vermədi? Hər kəs bilir ki, Abasov komandanı keçən mövsüm yarıda götürmüşdü. Məşqçi öz komandasını bu mövsümdən qurmağa başlayacaqdı. Niyə imkan yaratmadılar? 6-7 tura görə qərar çıxardan “Zirə” rəhbərliyi keçən il Ayxan Abbasov qış fasiləsindən sonra uduza-uduza gedəndə oan qarşı niyə eyni addımı atmadılar? Niyə Abasovdan fərqli olaraq Ayxana qarşı səbr nümayiş etdirib mövsümün sonuna kimi onu postunda saxladılar? Bu cür düşüncə, təfəkkürlə peşəkar klub qurmurlar, cənablar. Bir məşqçiyə inanıb gətirirsənsə, onun arxasında durmalı və zaman verməlisən. Özünə peşəkar deyən və uzun müddətli strategiya planlaşdıran bütün klublar bu cür edir. Amma siz, deyəsən nə etdiyinizi heç özünüz də bilmirsiniz.
Anar XANLAROV