Azərbaycanın kişi voleybolçulardan ibarət "Murov" klubu avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, ölkəmizi "Challenge Cup"da təmsil edən komandamız 1/8 final mərhələsi çərçivəsində Niderlandın "Orion" klubu ilə üz-üzə gəlib. 

Səfərdə baş tutan cütün ilk qarşılaşması komandamız üçün uğursuz alınıb. Gərgin keçən ilk setdə təmsilçimiz 29:27 hesabı ilə uduzub. Ruhdan düşməyən voleybolçularımız ümumi hesabı bərabərləşdirə biliblər - 1:1. Lakin bu, "Murov"un qazandığı yeganə set olub. 4 hissə davam edən matçda Bakı klubu 1:3 (27:29, 25:19, 12:25, 19:25) hesabı ilə məğlub olub. 

Qeyd edək ki, komandaların cavab qarşılaşması dekabrın 15-də Bakıda baş tutacaq. Voleybol Mərkəzində keçiriləcək oyunda "Murov" qələbə qazanacağı təqdirdə növbəti mərhələyə adlayacaq kollektivi müəyyənləşdirmək üçün Qızıl set oynanılacaq. Məğlub olacağı halda komandamız yarışla vidalaşacaq.

 

Challenge Cup

1/8 final

   "Orion" (Niderland) - "Murov" (Azərbaycan) 3:1 (29:27, 19:25, 25:12, 25:19)