“Müdafiədə lazımi səviyyədə çıxış etmədik” - Spasiç
- 14 Okt 2026 23:53
- 29
"Sabah" basketbol klubu "Trabzonspor"la (Türkiyə) oyunda müdafiədə lazımi səviyyədə çıxış edə bilməyib.
Rekord.az xəbər verir ki, bunu "bayquşlar"ın baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə A qrupunda "Trabzonspor"a qarşı keçirdikləri oyunu dəyərləndirib:
"İlk növbədə "Trabzonspor"u qələbə münasibətilə təbrik edirəm. Oyunun ilk 7-8 dəqiqəsində rəqibin 16:9 hesablı üstünlüyünü 29:9-a çatdırdığı hissə bizim üçün həlledici oldu. Bundan sonra oyuna qayıtmaq və istədiyimiz basketbolu nümayiş etdirmək xeyli çətinləşdi. Oyuna niyə bu cür başladığımızı bilmirəm. Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq və müdafiədə lazımi səviyyədə çıxış etmədik. Qarşımızda hücum potensialı yüksək olan komandanın dayandığını bilirdik. Belə bir rəqibi səfərdə məğlub etmək istəyiriksə, ilk növbədə təkbətək mübarizələrə nəzarət etməliyik".
"Trabzonspor" - "Sabah" oyunu Türkiyə təmsilçisinin 100:83 hesablı qələbəsi ilə bitib.