"Sabah"ın böyük və layiqli qələbəsi - şərh
- 23:16
- 40
Böyük və layiqli qələbə!
"Sabah" tarixinə yeni bir səhifə əlavə edərək Çempionlar Liqasında ilk qollarınə vurdu və ilk zəfərini qazandı.
Həmişə üstələməkdə çətinlik çəkdiyimiz çexlərlə bağlı bu sindrom da qırıldı.
Gözəldir!
Matç komandaların müdafiədə oturmaması və hücumda daha çox vaxt keçirməsi, eyni zamanda xeyli epizod yaradıb onlardan yararlana bilməməsi və müdafiədəki səhvləriylə yadda qaldı. "Sabah"ın böyük turnir təcrübəsinin azlığı çox hiss olundu. Təmsilçimizin oyunboyu, xüsusilə rəqib qapısına yaxın zonadakı ötürmə səhvləri, bu ötürmələri verməkdə çox tələskən davranmasının səbəbi bu idi. Komanda ilk qələbəni qazanmaq, azarkeşlərin gözü önündə onu bayram etmək üçün nəticəni tez qazanmağa çalışırdı.
"Slaviya" isə sadəcə bacarıqsızlıq etdi. Bu komandanın bu qədər şişirdilməsinə ehtiyac yox idi. Bu gün əldə etdikləri şansları başqa, daha yaxşı komanda mütləq tabloda əks etdirərdi (bəzi epizodlarda ilk yarını pis keçirmiş, amma sonradan əla seyvlərlə yadda qalan Pokatilov xilas etdi, bəzilərində isə sadəcə bəxtimiz gətirdi). Deməli, namları özlərindən çox böyükmüş, yersiz böyükmüş. Ya da biz elə oynadıq ki, adları "yaddan çıxdı".
"Sabah" oyun planını düz qurmuşdu. "Bayquşlar" arxadan ötürmələrlə çıxmaq, yüksək pressinq edən rəqibin irəli çıxan müdafiəsinin arxasına uzun paslar göndərmək, bu zaman sürətli olmaqla istəyinə çatırdı. Çexlərin müdafiəsi ümumilikdə ləng, orta xətləri isə çox zəif göründü, mərkəzdə bizə böyük boşluqlar, manevr imkanları yaratdılar. Yeganə problem bizim bu qədər imkanlardan lazımınca yararlana bilməməyimiz idi. Əsasən də ilk yarıda bu çətinliyi aşkar gördük. Fasilədən sonra isə vəziyyət bir qədər dəyişdi. Həm daha çox hücum etdik, daha çox şans qazandıq, bunun da nəticəsində onlardan ikisindən istifadə etməyi bacardıq.
Əla qələbədir. Səhvlər az deyil, onlarla daha güclü komandaların qarşısında daha böyük çətinliklər yaşayayacağıq. Amma bu haqda hələ danışmağa vaxt olacaq.
İndi qələbəni bayram etmək vaxtıdır.
Təbriklər "Sabah"!
İlk qolun, ilk qələbən mübarək!
Ardı gəlsin!
"Borussiya" gəlsin!