"İstəyimiz qələbə qazanmaq idi. Növbəti 3 xalı əldə etdik və qış fasiləsinə lider olaraq yollandıq. Bunun üçün sevinirik. Soyuq havada oynamağın da çətinliyi var idi. Amma ilk 10 dəqiqədə bir az çətinlik çəkirik".

Rekord.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin forvardı Mirabdulla Abbasov Premyer Liqanın XIII turunda "Keşlə"ni evdə 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

Qarşılaşmada dubla imza atan 25 yaşlı hücumçu vurduğu qollara görə sevindiyini bildirib: "Uzun müddətdir ki, fərqlənə bilmirdim. Ötən tur "Sabah"ı 2:0 hesabı ilə məğlub etdiyimiz görüşdə qol epizodlarım olmuşdu, amma vura bilməmişdim. Bu oyunda isə tilsimi qırdım".

Abbasov komandanın əsas hücumçusu olmaq istədiyini sözlərinə əlavə edib: "Əsas heyətdə daim möhkəmlənmək özümdən asılıdır.

Heç kim deyə bilməz ki, ilk "11-lik"də daim qalacağam. Əlimdən gələni edəcəyəm ki, "Neftçi"nin əvəzolunmaz hücumçusu olum" (report).