Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Tulitsa" 22-ci turda "Zareçye" klubu ilə qarşılaşıb. 

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü ilə yekunlaşıb. İlk setdən təşəbbüsü ələ alan Tula təmsilçisi meydan sahiblərinə heç bir şans verməyib və 3:0 (25:20, 25:18, 25:18) qələbəni rəsmiləşdirib.

Komandasının səfərdən quru hesablı qələbə ilə qayıtdığı matçda yığmamızın üzvü 2 dəfə fərqləib. Oyunqurucumuz bu xallardan birini blokda, digərini isə eyslə qazanıb. 

Qeyd edək ki, "Tulitsa"nın xallarının sayı 38-ə çatıb və komanda turnir cədvəlindəki 7-ci yerini qoruyub.