Azərbaycanın tanınmış jurnalisti Məzahir Süleymanzadə vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə onun qardaşı Tahir Süleymanzadə bildirib.

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974 - 1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edən Məzahir Süleymanzadə 1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. O, 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Süleymanzadə "Neftçi"nin və AFFA-nın mətbuat xidmətinin rəhbəri, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində də çalışıb. Onun bu ilin dekabrın 22-də 70 illik yubileyi olacaqdı.

Allah rəhmət eləsin!