
Meydana 9 futbolçu ilə çıxdılar, 6 nəfərlə qalınca oyun dayandı
- 28 Noy 2021 15:20
- 556
Futbol üzrə Portuqaliya çempionatının 12-ci turunda maraqlı hadisə baş verib.
Rekord.az xəbər verir ki, autsayderlərdən olan “Belenenseş” öz meydanında “Benfika”nı qəbul edib. Amma koronavirusa kütləvi yoluxma səbəbindən meydan sahibləri matça cəmi 9 futbolçu ilə çıxa biliblər. Maraqlıdır ki, 9 futbolçudan ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu kimi çıxış edib.
Artıq 1-ci dəqiqədə avtoqolun qeydə alındığı görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fasilədən sonra “Belenenseş” meydana 7 nəfərlə qayıdıb. Bununla belə, 46-cı dəqiqədə Monteyro yerə uzanaraq, zədələndiyini bildirib. “Belenenseş”in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.