"Gecə yuxusu yata bilmirəm, müalicələr almışam, amma xeyiri yoxdur" - MÜSAHİBƏ
- 15:00
- 162
Azərbaycan millisinin sabiq üzvü, hazırda II Liqada "Ağstafa Gəncləri" komandasında forma geyinən Cavid İmamverdiyev Rekord.az-a müsahibə verib:
- Cavid, kubokda "Sumqayıt"a 0:11 hesabı ilə məğlub oldunuz. Bu hesab sənə necə təsir elədi?
- Açığı, mənə elə də təsir eləmədi. Bizdə cavan uşaqlar var, onlar üçün bir təcrübə oldu, Premyer Liqanın ab-havasını gördülər, hiss elədilər. Ən əsas, gördülər ki, oynamaq olar və bunun üçün öz üzərlərində işləməlidirlər.
- Mən o mənada təsiri nəzərdə tutmadım. Cavid vaxtı ilə ölkənin ən perspektivli futbolçularından sayılıb, iddialı klublarda, milli komandada oynayıb. Amma bu gün II Liqada çıxış edirsıb. Düşünmürsən ki, burda olmaya bilərdin?
- Onu hər zaman düşünürəm. Amma neyləmək olar, qismət deyilən bir şey var. Düzdür, çox şey insanın öz əlindədir, amma yenə də qismət.
- Harda və nəyi etmədin?
- Çox şeydə düz eləmədim. Belə deyək, uşaqlıq elədim. Elə insan var 20 yaşında "ağıllanır", elə insan var 30, elə insan var 40. Məndə gec oldu və gec olandan sonra da nə faydası.
- Cavid futbolçu kimi, loğva, özündən razı olmayıb. Jurnalistlə də, azarkeşlə də hər zaman səmimi olub. Bəlkə hansısa klub seçimində səhv etmisən, yoxsa rejimlə bağlı problem olub?
- Klub seçimində də səhvim olub, amma əsas problem rejimlə bağlı olub. Gecə yuxu problemim var idi, özümdən asılı deyildi. Günü bu gün də elədi, gecə yuxusu yata bilmirəm. Müalicələr də almışam, amma xeyiri yoxdur.
- Bundan sonrası üçün nə fikirləşirsən?
- Söz var e, ayağın hara, başın da ora (gülür). İnşAllah qismət, görək də. Hələ ki, bu klubdayam, bu klubun şərəfini qoruyuram. Bəlkə hansısa ciddi, yaxşı təklifim olar, onda da sizin də xəbəriniz olar.
- Futbolçu kimi hələ davam etmək istəyirsən?
- Bəli, bəli, niyə də yoxd? Oynaya bilirəmsə niyə oynamayım? Məndə problem çəkidi. Çəkini də atmağa II Liqada risk eləmirsən. Çünki həkim yoxdu, o peşəkarlıq yoxdur. 35-36 yaşında da çəki atırsansa, həkim nəzarəti altında olmalıdır. Ona görə risk eləmirəm.
- Bildiyim qədəri ilə "Region Liqası"nda çıxış edən "Ağsu Siti" ilə razılığa gəlmisiniz və orada baş məşqçi kimi çalışacaqsan...
- Bəli.
- "Ağstafa Gəncləri" ilə vidalaşıb ora gedəcəksən, yoxsa burda oynaya-oynaya orda işləyəcəksən?
- Yox, burda oynamağa davam edəcəm. Düzdür, qaydalara görə futbolçu kimi oynaya-oynaya başqa klubda baş məşqçi ola bilmərsən. Ona görə yəqin ki, rəsmi şəkildə adım idman direktoru kimi gedəcək. Amma əsas odur ki, o skamyada olacam.
- Bəs gələcəkdə? Kateqoriya almaq, daha yüksək səviyyədə işləmək fikrin var?
- Millidə oynadığım üçün avtomatik C kateqoriyam var. İnşAllah yəqin dəvət edərlər, B-ə də gedərəm.
- Məşqçi kimi özünü futbolda görürsən?
- Bəli, əlbəttə. Sadəcə, hələ ki, oyunçu ruhu bədənimdən tam çıxmayıb. Mən də görürəm ki, hələ canımda su var, oynaya bilirəm, ona görə futbolçu kimi davam edirəm.
- Karyeranda ən uğurlu və ən uğursuz klub hansını hesab edirsən?
- Ən uğurlu hesab elədiyim "Neftçi" və "Sumqayıt". Ən uğursuz dönəm isə "Sabah"dan "Keşlə"yə gedib, sonra yenidən "Sumqayıt"a qayıtmaq.
- Həqiqətən də "Sumqayıt"dakı ilk dönəmində əla formada idin, amma gözlənilmədən Premyer Liqaya yeni gələn "Sabah"a keçdin. O vaxt çoxları da səni qınadı ki, bir qədər artıq pula əla formada olduğun klubdan getdin. Düşünmürsən ki, bəlkə orda tələsdin?
- Gəlin səmimi danışaq da, hansı futbolçu maaşa getmir? Hər bir futbolçu özü üçün, ailəsi, ətrafı üçün daha çox qazanmaq istəyir. Heç kim klubu üçün bunu eləmir. Mən onu yalnız "Neftçi" üçün edərdim və eləmişəm də. Mən o vaxtı Türkiyəyə gedəndə "Neftçi" ilə müqaviləm var idi. Özü də yüksək maaşa. Amma getdim Türkiyəyə və geri qayıdanda "Neftçi" daha aşağı maaş təklif elədi və mən razılaşdım. "Neftçi" üçün razılaşdım. Çünki mən "Neftçi"liyəm, hər yerdə də bunu deyirəm. Orda doğulmuşam, orda böyümüşəm, orda futbolun sirrlərini öyrənmişəm. Başqa klub üçün heç vaxt bunu eləməzdim.
- Milli karyeranı uğurlu hesab edirsən, yoxsa düşünürsən ki, daha yaxşı ola bilərdi?
- Yox, o qədər də uğurlu hesab eləmirəm. Daha yaxşı oynaya bilərdim. Amma o vaxt karyeramın ən pik vaxtlarında belə, Berti Foqts mənimlə prinsip apardı. Halbuki 60 yaşlı kişinihn 18 yaşlı uşaqla prinsip aparmağı düzgün deyildi. Almandı başa düşürəm, ola bilsin onların başı başqa cür işləyir. Amma bir az futbolçunun nazı ilə də oynamaq lazımdı. Bu gün mən özüm də eləyəm. "Ağsu Siti"də futbolçu var ki, baxıram uşaqdı, onun nazı ilə oynayıram. Onu daha yaxşı yerlərə gətirmək üçün. Fotq məni millidə çox geri saldı.
- Milidən söz düşmüşkən, milli komandanın hazırkı durumu haqda nə deyə bilərsən?
- Sözsüz, hazırda millidə oynayanlar da bizim qardaşlarımızdı. Amma durum o deyil. Düşünürəm ki, milli Rəşad Sadıqovların, Mahir Şükürovların, Rauf Əliyevlərin, Maksim Medvedevlərin vaxtında daha canlı, daha dişli idi, daha ürəklə oynayırdı, "11-lik" hamısı keyfiyyətli futbolçular idi.
Anar XANLAROV