"Oyun alqı-satqısı ilə bağlı AFFA-dan bir nəfər də zəng vurmayıb" - MÜSAHİBƏ
- 13:00
- 38
II Liqada çıxış edən "Kür-Araz"ın prezidenti Mirheydər Seyfiyev Rekord.az-a müsahibə verib:
- Mirheydər müəllim, kubokda "Sumqayıt"a 0:11 hesabı ilə məğlub oldunuz. II Liqada da autsayder mövqeyindəsiniz. Bu vəziyyət nə vaxta kimi davam edəcək?
- Bizdə əsas problem maliyyə ilə bağlıdır. Bilirsiniz ki, futbolçular pula oynayır. Əgər yaxşı imkanlarımız olsa, biz də yaxşı futbolçular gətirərik. Yaxşı futbolçu yaxşı da pul istəyir. Bu problemlərimiz olduğuna görə komandanı gücləndirə bilmirik. Amma elə bilirəm toparlanacayıq inşAllah.
- Artıq "İmişli" var və Premyer Liqada çıxış edir. Necə düşünürsünüz, hansısa sponsor İmişlidə ikinci bir komandanı götürə bilər? Buna ümidiniz var?
- Ümid həmişə var, ümid ölmür. Danışıq apardığımız şəxslər də var. Kimsə kömək etmək istəsə, komanda daha yaxşı olar. Amma hazırda real şey yoxdur.
- Komandanı sırf AFFA-dan gələn vəsaitlə ayaqda tutursunuz?
- Heç o da çatmır, özümüz də əlavə köməkliklər edirik və hələ ki, oynayırıq.
- Ümumiyyətlə maaş alan futbolçunuz var, yoxsa ancaq oyundan-oyuna ödənişlər edirsiniz?
- Oyundan oyuna. Yalnız işçilər maaş alır.
- O zaman yəqin ki, gündəlik məşq rejimi də yoxdur...
- Gəlmə oyunçularımız da olduğu üçün tam kollektivlə məşq etmək olmur. Yalnız yerli oyunçular məşq edə bilir, onların da sayı azdır.
- Məşqlərinizi İmişlidə edirsiniz yəqin ki.
- Bəli.
- Bəs ev oyunlarınızı niyə İmişlidə qəbul edə bilmirsiniz?
- Ot örtüyü yaxşı vəziyyətdə olmadığını görə, PFL icazə vermədi. İndi bir qədər qaydaya salmışıq və PFL-ə də məktub göndərmişik. Ümid edirik ki, bundan sonra İmişlidə oynamağımıza icazə verəcəklər. Çünki hər dəfə gedib Saatlıda oynamaq əlavə xərcdir, meydançaya da ödəniş edirik.
- Sirr deyilsə, hər oyuna nə qədər ödəyirsiniz?
- 250 manat.
- Bu günlərdə məlumatlar yayıldı ki, 7 futbolçunuzun adı oyun alqı-satqısında hallanır. Bu məlumatlara münasibətiniz?
- Bizim bu günə qədər heç bir oyunçumuzdan belə bir şübhəmiz olmayıb. Olsaydə mənmuniyyətlə onun araşdırılmasının da tərəfdarı olardıq, cəzalandırılmasının da. Digərlərinə də dərs olardı.
- AFFA-dan bununla bağlı sizə hansısa zəng, məlumat daxil olub?
- Xeyr, qətiyyən. İndiyə qədər oyun alqı-satqısı ilə bağlı AFFA-dan bir nəfər də zəng vurmayıb.
Anar XANLAROV