
Masallıda “Şəhidlər ölməz, vətən bölünməz” adlı turnirin qalibi bəlli oldu
- 21 Avq 2022 17:30
- 425
Masallı rayon Gənclər İdman idarəsi, AFFA, “Azad” Futbol klubunun (Masallı) təşkilatçılığı və “Bioloji Təbabət” klinikasının Baş Sponsorluğu ilə “Şəhidlər ölməz, vətən bölünməz-2022” adlı mini futbol turnirinin final oyunu keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə şəhid ailələri, qaziləri, veteran Futbolçular, AFFA nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Oyunları AFFA tərəfindən rəsmi təyin olunmuş milli dərəcəli hakimlər Rəşad Aydınov və Xalid Quliyev idarə ediblər.
Avqustun 20-də Masallının “Viləş” mini stadionunda keçirilən final oyununda “Ərkivan” və “Şassi” komandaları qarşılaşıb. Gərgin keçən əsas vaxt 1:1 başa çatdığından, əlavə vaxt oyanılıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən 7 metrlik cərimə zərbələrinə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən “Şassi” komandası “Ərkivan”ı məğlub edərək turnirin qalibi olub.
İyulun 4-dən başlayan turrnirdə bütövlükdə 12 komanda mübarizə aparıb. “Göytəpə” komandası 3-cü yeri tutub. Çempion “Şassi”yə 1-ci yeri tutduğu üçün 2000 AZN mükafat, diplom və medallar təqdim olunub. 2-ci yeri tutan “Ərkivan” isə 1000 AZN mükafat, diplom və medallara layiq görülüb. “Göytəpə” isə sadəcə diplom və medallarla təltif olunub.