Almaniyanın "Nürnberq" komandasının baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin klubdan ayrılmasına münasibət bildirib.


Rekord.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis ötən gün 2-ci Bundesliqanın 34-cü turunda Ayntraxt" (Braunşveyq) kollektivinə qalib gəldikləri (4:1) görüşdə het-trik edən 27 yaşlı hücumçunun klubda qalmaq ehtimalının olmadığını söyləyib.


O, forvardla vidalaşdıqlarını söyləyib:


"Biz bundan geri dönməyəcəyik. Qərar çoxdan verilib. Mahirin böyük klublarda oynadığını, yüksək liqalarda hansı pulları qazandığını bilirik. Buna baxmayaraq, o, mənimlə işləməkdən çox xoşbəxt olacağı üçün yanıma gəlmək istədiyini söylədi. Amma nə qədər çalışsa da, zəhmət çəksə də, səmimi olmalıyıq. Yəqin ki, onu saxlamaq şansımız yox idi. Amma bu, bizim aramızda olan münasibəti pozmur".


Baş məşqçi Emreliyə sonuncu matçda şans verməsi barədə də danışıb:


"Bəzi futbolçular transfer dönəmində riskə getməmək üçün son qarşılaşmada oynamaya bilirlər. Amma mənim fərqli mentalitetim var. Düşünürəm ki, burada pul və sevgi qazanırsansa, hər zaman əlindən gələni etməlisən".


"Bild" nəşri Mahir Emrelinin də sözlərinə yer verib:


"Tək mən yox, ailəm, anam və hamımız şəhəri, stadionu, atmosferi və azarkeşləri çox sevirdik. Hamımız Nürnberq üçün darıxacağıq".


Qeyd edək ki, mövsümün əvvəlində 2-ci Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.