
Mahir Emrelidən “Nürnberq”ə 3 qolluq vida
- 18 May 2025 19:53
- 48
Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda səfərdə "Ayntraxt”la (Braunşveyq) qarşılaşıb.
Mahir də bu matçda iştirak edib. O, oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. Emreli mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bu matç onun "Nürnberq"dəki son oyunu olub. Son matçı azərbaycanlı futbolçu üçün uğurlu alınıb. Belə ki, Emreli 10-cu dəqiqədə hesabı açıb. O, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub. Mahir 20-ci dəqiqədə həm də sarı vərəqə alıb. Komandası isə 4:1 hesabı ilə qalib gəlib və mövsümü 48 xalla 10-cu yerdə başa vurub.
Emreli bu matç da daxil olmaqla 2-ci Bundesliqada 24 oyuna 10 qol vurub. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib. Beləliklə, azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb.