"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstyi ilə keçirilən "Sabahın ulduzları" yarışını izləyənlər arasında "Komedixana"dakı çıxışları ilə məhşurlaşan tanınmış aktyor Həsrət Həsrətov da var idi.  Biz də fürsətdən istifadə edib, onunla söhbətləşmək qərarına gəldik. Rekord.az-a geniş müsahibə verən tanınmış aktyor bir çox maraqlı məqamlara toxundu:



- Həsrət bəy, sizi "Sabahın ulduzları" yarışında görmək çox maraqlı oldu. Öncə bunun səbəbini soruşmaq istərdik.

- Əslində özümün də futbola marağım var. Son zamanlar isə bu maraq ikiqat olub, çünki oğlum da futbolla məşğul olur, "Neftçi"də forma geyinir.  Bu gün də oyunları olduğu üçün bura gəlmişik, həqiqətən də bu turnirdən zövq alırıq. Fürsətdən istifadə edib bu turniri təşkil edənlərə, AFFA rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Uşaq futbolu üçün böyük dəstəkdi, böyük təkandı. Uşaqlar turbur həyəcanı yaşayır, təcrübə toplayır. Onsuz da bu komandalar yoldaşlıq görüşlərində üz-üzə gəlir. Amma bunun bir turnir çərçivəsində olması bir başqadır. Yayın işi budur.  Həm də yeni mövsümə hazırlıqdı. Təki övladlarımız idmanla məşğul olsun, bunun özü bir gözəllikdi.


- Övladınız haqda da bir az məlumat versəniz yaxşı olardı..

- Hüseyn Həsrət, 44 nömrəli formada çıxış edir, mövqeyi mərkəz yarımmüdafiəçisi. Təvəllüdü 2014 olsa da, bu yarışda özündən bir yaş böyüklərlə oynayır. Bu da bizim akademiyanın məşqçilərinin ona verdiyi dəstəkdi.  İnşallah potensial görürlər ki, oynadırlar. Buna görə bütün akademiyamızın rəhbərliyinə təşəkkür edirəm. "Neftçi" bizim köklü klubumuzdu, flaqmanımızdı. Qismətdən övladımız da gəldi bu klubda oynadı. 


- Belə başa düşdüm ki, özünüz də "Neftçi" azarkeşisiniz...

- Bəli, uzun müddətdi. "Neftçi" deyəndə Allah qəni-qəni rəhmət eləsin, Böyükağa (Hacıyev) müəllim yadıma düşür. Onun zamanında "Neftçi"nin böyük naliyyətləri oldu. Sonra "Birlik Kuboku"nu qazanmasını qeyd edərdim. "Pünik" üzərində qələbə qazanılan oyuna biz də getmişdik. Mən onda Moskvada alver edirdim (gülür).  Özü də alverin yaxşı vaxtı idi. Amma "Neftçi" sevgisi bizə üstün gəldi. "Polka"nı bağladım, baxmayaraq ki, malım xarab olan mal idi. Armud vurmuşdum, o da çürüyürdü. Amma bağlayıb getdim oyuna. 


- O zaman övladınızın "Neftçi"ni seçməsində sizin "Neftçi" azarkeşi olmağınızın təsiri olub, yoxsa təsadüf belə gətirib?

- Təsadüf deyəndə, əfsanəvi uşaq məşqçimiz İslam Kərimov bizim qonşumuzdu. Bir gün həyətdə Hüseynin oyununu gördü. O kişi də bilirsiniz ki,  seleksiyası necədi. Başqalarının haqqına girməyim, amma seleksiya işində o kişidən o yana yoxdur da.  Hüseyn də o vaxt bir az kök idi, amma İslam müəllim oyununu bəyəndi və apardı "Qara Qarayev"də "Amasiya" klubu var idi, ora. Özü də dedi ki, bu uşaq oynayacaq. Halbuki heç mənim ağlımdan da keçmirdi ki, Hüseyn futbol oynayar.  Amma bir ildən sonra gördüm "Amasiya"nın kapitanıdır. Müdafiədə də keçilməz olduğu üçün "beton" ləqəbi qoymuşdular.  Buna baxmayaraq, hər oyun qol da vururdu. İki ildən sonra İslam müəllim "Neftçi"yə apardı, elə öz yaşıdları olan komandaya götürdülər. Əvvəl məşqçiləri Rəşad (Abdullayev) müəllim idi, sonrsa Elşən (Məmmədov) müəllim gəldi. Ötən mövsüm Rəşad müəllim onun mövqeyini dəyişdi. Dedi  ki, başı var, arxada passiv mövqeydə oynamaqdansa, ortaya çəkək. Sağ olsun, onun tövsiyyəsi ilə oyunu da alındı, bütün mövsümü də oynadı, komanda da çempion oldu. Bu il də hədəfimiz çempionluqdu. Uşaqlarla da  görüşəndə demişəm ki, kuboku təzələmək lazımdı.


- Sizi "Qarabağ"ın da oyunlarında görürük, hətta bir dəfə Tovuzda, "Turan Tovuz"un da oyununda görmüşdük...

- Bilirsiniz, "Qarabağ"ın qazandığı uğurlar heç kimin diqqətindən kənar qala bilməz. Həm də orda Ənvər Abbasovun ("Komedixana"nın bir başqa aktyoru) da təsiri var idi, bir ağdamlı balası kimi bizim hamımızı ağdamlı etmişdi (gülür). Zarafat bir yana, həqiqətən "Qarabağ"ın uğurları bizi çox sevindirirdi.  Avropada hansı klubumuz haralıdı, mən də oralıyam. Çünki orda milli duyğular önə keçir. "Qarabağ"ın bütün oyunlarına gedirdik. Ənvər amma sizə deyim ki, "Qarabağ" hələ bu uğurları qazanmadığı dönəmlərdən bu komandanın oyunlarına gedirdi. Çempionat oyunların a gedib "Qarabağ"ı dəstəkləyirdi. Sonradan bizi də yığdı stadiona. Burdan da hər birini salamlayıram, hər biri dostumuzdu. Elə Qurban (Qurbanov) müəllim özü, məşqçilər korpusu hamısını salamlayıram, hamısı dostumuzdu,  yolları açıq olsun. Bu il də bizi stadiona toplayan növbəti komandamılz var, "Sabah", çox gözəl çıxış edir. O ki qaldı Tovuza, mən həmişə demişəm ki, Ucarda doğulsam da, ruhən tovuzluyam. Tovuz elini, Tovuz camaatını çox sevirəm. Bölgələrimizi bölmək istəmirəm, amma Tovuzda çox dostlarım var. Həyatımın yarıdan çoxu Tovuzda keçib. Demək olar, hər yay Tovuzda oluram. Xüsusilə ov mövsümündə. Özüm də ovu çox xoşlayıram və ov mövsümündə dostlarımın yanına gedirəm. Həmin vaxtda da Tovuzda olan zaman eşitdim ki, "Turan Tovuz" oynayır və təbii ki, Tovuz adı gələndə bütün sular durur. "Turan Tovuz"umuza da uğurlar.


- Futbolçular və məşqçilər arasında dostlarınız var?

- Çoxdu. Ən birinci dostumuz olub Qara Qarayev. İlqar Qurbanov neçə illik dostumuzdu. Rəşad Sadıqov, kapitanımız. Biz o kişinin oyununa baxa-baxa böyüdük. Vaqif Cavadov. "Sumqayıt"ın məşqçisidir də səhv etmirəmsə?


- Yox, artıq ayrılıb, U-20 milisində çalışır.

- Aydındı. Digərlərinə gəlincə, "Neftçi"nin məşqçilərini qeyd edərdim, Hüseynin hesabına hamısını tanıdım. Allah bütün balaları qorusun, bütün balaların yolu açıq olsun, bizimki də içində.


- Amin! Dünya futbolunda favorit futbolçunuz kimdir?

- Hazırda oynayanlardan, yoxsa...


- Ümumiyyətlə...

- Vaxtı ilə Ronaldinyonun həvəskarı idim. Bəlkə də Messinin, Ronaldonun haqqına girirəm, amma düşünürəm ki, Ronaldinyodan bir daha gəlməyəcək. Tam başqa fenomen idi. Hazırda oynayanlardan da yəqin ki, Yamal deyərəm.


- Əksəriyyətə verilən sual: Messi, yoxsa Ronaldo?

- Mənə görə Messi ilahi vergidir. Gecə saat 3-də də yuxudan durğuzsaq, həmin futbolu oynayacaq. Sanki futbolçu doğulub. Amma Ronaldo bir əzmin, bir səbrin, bir xarakterin nümunəsidir. Bizim futbolçulara da ən örnək nümunə Ronaldodu. 


- "Komedixana"da zaman-zaman futbola yer ayırırsınız. Bu, davam edəcəkmi, ümumiyyətlə, bu cür səhnəciklərə futbolçuların, məşqçilərin münasibəti necə olur?

- Bir dəfə millimizlə bağlı eləmişdik, yas mərasimi, onda bəzi inciklik oldu.  Sonra portuqaliya mütəxəsisin (Fernandu Santuş) istefa vermək istəməməsi var idi, günün mövzusu idi, ona müraciət etməsək olmazdı, çox gözəl qarşılandı...


- Bir dəfə də Rəşad Sadıqovu çağırmışdınız...

- Hə, sağ olsun, arada o da gəlir, bizim azarkeşimizdi, necə ki, biz onun azarkeşiyik. Futbol səhnəsi nə vaxt eləmişik, uğurlu olub. Bu da bizim camaatımızın, xalqımızın futbola olan sevgisidir. Bu sevginin gözünə bir az da yumor qatanda qəbul olunur. İnşallah bizdə də yeni mövsüm başlayır və yenə bir futbol səhnəsi olacaq.


- Sonda milli komandamızın hazırkı durumuna da münasibətinizi soruşmaq istərdik...

- Milli komanda ən yaralı yerimizdi, amma mən hesab edirəm ki, artıq bu yaraların sağalma dövrüdür. İraq üzümüzdən, necə ki, xəstə adam reanimasiyadan çıxır, futbolumuz da reanimasiyadan çıxıb. Millimiz hazırda çox gözəl mütəxəssislərin əlindədir və çox gözəl də futbolçularımız var.


- Millidə yerli məşqçinin çalışmasını dəstəkləyirsiniz?

- Bəli. Mütləq yerli olmalıdır. Futbolçularımız da artıq Avropada oynayır, bunun özü də gözəl təcrübədir, milli komandaya güc verir. İnşallah futbolumuz yüksək sürətlə irəli gedəcək.


Anar XANLAROV