“Komanda sanki bataqlığa batdı, çıxa bilmədi” - Diniyev
- 02 Dek 2023 19:54
- 260
"Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 14-cü turu çərçivəsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
"Oyun gərgin və əsəbi getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk 15 dəqiqəyə yaxşı başladıq, iki qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi. Sadəcə futbolçularımızın kobud səhvindən sonra qol buraxdıq və toparlana bilmədik, əsəbi futbol oynayırdıq. Futbolçularım bacardıqlarını da edə bilmirdilər. Elə futbolçumuz var ki, texniki cəhətdən idealdır, amma o sarıdan da problemi olurdu. Ad çəkmək istəmirəm. Komanda sanki bataqlığa batdı, amma çıxa bilmədi. Fasilədə də istədim ki, oyunçularımın psixoloji durumunu yaxşılaşdırım, sakitləşdirim onları. Ki, ayaqları işləyə bilsin. Bu da alınmadı. İkinci yarıda oyunun tempi hər dəfə düşdükcə, dəqiqələr getdikcə, futbolçularda vahimə yaşanırdı, təşviş var idi. Bu da futbol oynamağımıza imkan vermədi. Bir xal bizim üçün vacibdir. Turnir cədvəli baxımından belədir. "Araz-Naxçıvan"a gələcəkdə uğurlar azrulayıram və oyuna görə onlar təşəkkür edirəm".