Hazırda paytaxt və Abşeronda davam edən sərt karantin qaydaları səbəbindən demək olar ki, Premyer Liqanın bütün klubları Qəbələdədir və burada hazırlıq keçirlər.

Rekord.az xəbər verir ki, yaranmış bu durum klubların büdcəsinə mənfi təsr göstərəcək.

Çünki öz stadionlarını tərk edib Qəbələyə gəliblər ki, bu da əlavə xərc, əlavə vəsait sərfiyyatı deməkdir. Yol xərci, otel xərci, stadion xərci və s. Bu durum 7 klubun əleyhinə olsa da, maddi sıxıntı çəkən "Qəbələ"nin lehinə olacaq. Çünki stadionlardan istifadəyə görə gələn vəsait məhz "Qəbələ"nin büdcəsinə daxil olacaq. Bu arada, maraq üçün qeyd edək ki, Qəbələdə bir məşq hər kluba 750 manata başa gəlir. Bir gün istirahətə çıxsaq, 6 gün ərzində hər klub məşq üçün 4500 manat pul ödəyir.  Bunu da 4-ə vursaq, aylıq 18 min manat pul edir. "Qəbələ"də hazırda 6 klubun olduğunu nəzərə alsaq, ümumi rəqəm 110 min manata yaxınlaşır. Nəzərə alaq ki, əksər klublar gündə iki məşq edir, növbəti həftə "Keşlə" də Qəbələyə gələcək. Bir sözlə "Qəbələ" klubların yay toplanışından 200 min xeyir götürəcək ki, bu da maddi sıxıntı çəkən klub üçün göydəndüşmə olacaq. Hələ biz otellərdən gələcək gəlirləri bura əlavə etmədik.